Rayonun işğalı
Aprel Şəhidləri
Orucov Müşviq Arif oğlu
Orucov Müşviq Arif oğlu 1994-cü ildə Bakıda anadan olub. O, 7 nömrəli Zəngilan rayon məktəbində oxuyub. Müşfiq Orucov Azərbaycan Texniki Universitetinin avtomatika və kompyüter texnikası fakültəsinə qəbul olub.Universiteti bitirdikdən sonra Naftalan şəhərində hərbi xidmətdə olub. Müşfiq Arif oğlu Orucov 2016-cı il aprelin 5-də Tərtərdə düşmənlə gedən döyüşlərdə şəhid olub.
Azərbaycan əsgəri Müşfiq Orucov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunub.
Niftalılı Rəşad Şakir oğlu
Niftalılı Rəşad Şakir oğlu 1993-cü il avqustun 18-də Bakıda anadan olub. Əslən Zəngilan rayonu, Həkəri stansiyasından olan Rəşad Bakının Xətai rayonundakı 64 nömrəli tam orta məktəbi bitirdikdən sonra Gəncə şəhərindəki Azərbaycan Texnologiya Universitetinə qəbul olub. Gələcəyin iqtisadçısı olmaq arzusunda olan Rəşad Şakir oğlu Niftalılı 2016-cı il aprelin 4-də cəbhə bölgəsində erməni silahlı qüvvələrinin həyata keçirdiyi təxribatın qarşısını alarkən şəhid oldu. Azərbaycan əsgəri Rəşad Niftalılı ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.
Baxşəliyev Rəşid Əliağa oğlu
Baxşəliyev Rəşid Əliağa oğlu 23 oktyabr 1996-cı ildə Sumqayıt şəhərində anadan olub. Əslən Zəngilan rayonundan olan Rəşid 2002-ci ildə Buzovna qəsəbəsinin 26 saylı orta məktəbinin birinci sinifinə daxil olub. Ailəsi yeni evə köçdüyü üçün Rəşid 2011-ci ildə Masazır kənd Əliağa Vahid adına 1 saylı orta məktəbdə təhsilini davam etdirib. 2014-cü ildə orta təhsilini bitirib, Ceyranbatan 4 saylı peşə məktəbinin “traktor sürücüsü” şöbəsinə daxil olub. Təhsilini dondurub hərbi xidmətə getmək üçün ərizə yazan Rəşid 2014-ci ilin 24 oktyabrında hərbi xidmətə yola düşüb. İlk hərbi xidmətini Lənkaranda keçdikdən sonra Beyləqan rayonunda “Top Artilleriya” kursunu bitirib. Ağcabədinin yuxarı Qiyaməddinli kəndində xidmətini davam etdirib. Əsgəri xidmətindən sonra hərbi qulluqçu kimi Vətənə xidmətini davam etdirmək arzusunda olan Baxşəliyev Rəşid Əliağa oğlu 2016-cı il 2 aprel Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı şəhid olub. Ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.