Rayon haqqında
Rayon haqqında
Zəngilan rayonu Azərbaycan Respublikasının cənub-qərbində yerləşir. Ərazisi 730 kv. km, əhalisi 43638 nəfərdir. Şimaldan Qubadlı, Şərqdən Cəbrayıl rayonu, cənubdan Araz çayı boyunca İran İslam Respublikası, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir.
Ərazisi orta və alçaq dağlar sahəsindədir, mürəkkəb, parçalanmış səth quruluşuna malikdir.
Rayonda çöküntü suxurlarından başqa vulkanik materiallar-yura, təbaşir çöküntüləri yayılmışdır. Ərazidə bir sıra faydalı qazıntılar-tikinti daşı, qızıl yatağı, qara mərmər yatağı, əhəng xammalı, susuzlaşdırılmış soda üçün əhəng daşı vardır.
Rayonun bitki örtüyü Araz palıdı bitən kerofit meşələr, mərkəzi hissədə və şimalda kolluqlardan ibarətdir.
Zəngilanın faunası belədir: rayonun cənubunda oxlu kirpi, cənub-şərqində çöl qabanı, ayı, cüyür yaşayır. Quşlardan qırqovul, kəklik, meşə xoruzu, gəlincik, sərçə, qarğa, sağsağan, qumru, vəhşi göyərçin, tülkü, boz dovşan, canavar burada da geniş yayılmışdır.
Rayonun ərazisində iki iqlim tsikli qərarlaşıb. Bunların əsasını mülayim isti iqlim və qışı quraq keçən yarımsəhra-çöl iqlimi təşkil edir.
Zəngilan düzənlərin, yüksəkliklərin, çay axarlarının yaratdığı dərələrin bir-birini əvəzlədiyi mürəkkəb, həm də maraqlı, gözoxşayan yer quruluşuna malikdir.
Rayon ərazisindən 4 çay keçir: Araz, Oxçuçay, Həkəri, Bəsitçay
Ərzidə 21 dəmiryol müəssisəsi və 6 dəmir yol vağzalı fəaliyyət göstərirdi.
Rayon respublikanın dağətəyi ərazisində yerləşməklə iqtisadi cəhətcə əsasən kənd təsərrüfatı istiqamətli olmuş, 29 kolxoz-sovxozu, 1 arıçılıq təsərrüfatını, 4 kooperativi və 3 kəndli-fermer təsərrüfatını əhatə etmişdir.
Rayonun ərazisi coğrafi mövqeyinə, iqlim və təbiətinə görə digər bölgələrdən fərqlənir. Ərazinin özünəməxsus iqlimi və təbiəti vardır.
Zəngilanın Bəsitçay çayı hövzəsində böyük bir ərazidə təbii çinar meşəsi mövcuddur. Yüzilliklərdən keçib gələn təbii Çinar meşəsi sahəsinə görə planetdə ikinci, Avropada birinci olan dünyaşöhrətli füsünkar bir məkandır.
Zəngilan rayonu Respublikada ərazisindən dörd daimi axarlı çay keçən yeganə, unikal bir ərazi vahididir. Qədim adət-ənənələrin qorunub saxlandığı, qonaqpərvər, zəhmətkeş, qanunsevər, dövlətə, dövlətçiliyə sədaqətli insanların məskənidir.
«Ağ Oyuğ»un üzüm plantasiyalarında istinin qora bişirdiyi vaxt buz bulaqlı Şükrataz yaylağında soyuğun insanlara kürk geyindirdiyi təbii iqliminə, yeraltı qızıl, mərmər yataqlarına, yerüstü münbit torpaqlarına, əsrarəngiz təbiətinə görə yaxın keçmişdə adlandırıldığı kimi, həqiqətən qızıl Zəngilandır.
Zəngilan aramsız düşmən hücümlarına, məhrumiyyətlərə mərdliklə sinə gərərək iki ay mühasirədə qalan, bölgəni sonuncu olaraq döyüşə-döyüşə tərk edən mətin, dəyanətli oğullar yurdudur.
1993-cü il oktyabrın 29-da Zəngilan rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. İşğal nəticəsində rayon ərazisindəki onlarla mədəni və dini-tarixi abidə, yaşayış və inzibati binalar məhv edilmiş, yerli əhaliyə qarşı təcavüz olunmuş, on minlərlə insan məcburi köçkün düşmüşdür. İşğal dövründə digər işğal edilmiş ərazilərdə olduğu kimi, Zəngilan rayonunda da ekoloji terror törədilmişdir.
Zəngilan şəhəri Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində həmin il oktyabrın 20-də erməni işğalından azad edilmişdir. Məhz bu gün - 20 oktyabr “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Zəngilan şəhəri günü kimi qeyd edilir.
İşğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Zəngilan rayonunda da genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarında rahat və firavan yaşaması üçün bütün şərait yaradılır. 2022-ci il 19-25 iyul tarixindən etibarən Zəngilana keçmiş məcburi köçkünlərin qayıdışı başlanmışdır və bu proses artan templə davam edir.
Dövlət başçısı Zəngilan rayonuna mütəmadi səfərlər edərək görülən işlərlə yaxından tanış olur, təməlqoyma və açılış mərasimlərində iştirak edir, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşlər keçirir.
Prezident İlham Əliyev Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd”in, habelə Cahangirbəyli, Alıbəyli və Zəngilan kəndlərinin, Mincivan qəsəbəsinin, Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoymuşdur. Bununla yanaşı, dövlət başçısı tərəfindən Zəngilan şəhərində beş yaşayış və inzibati binanın, məktəbin, uşaq bağçasının, rayon mərkəzi xəstəxanasının, “Dost Aqropark”ın və Rəqəmsal Yarımstansiyanın təməli qoyulmuşdur.
Dövlət başçısı “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində, 110/35/10 kV-luq “Zəngilan” yarımstansiyasının, Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin, “Cahangirbəyli”, “Zəngilan”, “Şayıflı” və “Sarıqışlaq” Su Elektrik stansiyalarının açılış, Arximed turbini tipli Su Elektrik Stansiyasının işə salınması mərasimində iştirak etmişdir. Həmçinin dövlət başçısı Zəngilan Konqres Mərkəzi Kompleksinin, “Ağalı” hotelinin açılışını etmişdir.
İşğal altında olan ərazilərimiz azad edildikdən sonra Qarabağ və Şərqi Zəngəzurdakı tarix, din və mədəniyyət abidələrinin bərpası layihələri çərçivəsində qədim Zəngilan məscidi konservasiya olunmuş, yanında yeni məscid inşa edilmişdir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva məscidin açılış mərasimində iştirak etmişlər.







