İctimai Şura
Tədbirlər
Bir çox imtiyazlı Zəngilan ailələrinə Ramazan Qida paketləri təqdim edilib
Türkiyə səfirliyi Din Hizmətləri Müşavirliyi (DHM), Türkiyə Diyanet Vakfı (TDF) və Almaniyadakı ən böyük müsəlman təşkilatı Diyanet İşleri Türk İslam Birliyi (DİTİB) təşkilatı, həmçinin Zəngilan Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə bir çox imtiyazlı Zəngilan ailələrinə Ramazan Qida paketlərinin paylanması üçün növbəti tədbir təşkil edilib.
DHM-in müşaviri Zeki Yavuzyılmaz, TDF-nin təmsilçisi Abdurrahman Okur, DİTİB-in nümayəndəsi Hakan Akbulut və Zəngilan RİH başçısının müavini Xanım Rüstəmova çıxış edərək Türkiyə - Azərbaycan qardaşlığından, dövlət səviyyəsində və müxtəlif təşkilatların hər zaman müxtəlif sahələrdə bir-birlərinə göstərdiyi dəstəkdən danışıblar.
Sonra 2022-ci ilin Ramazan bayramı proqramının bir hissəsi olmaqla “Mömünlər ancaq qardaşdırlar” şüarı altında 100 qida paketi siyahı üzrə şəhid və qazi ailələrinin, o cümlədən aztəminatlı ailələrin üzvləri və tənha insanlara təqdim edilib. Müxtəlif bölgələrdən tədbirə qatılan Zəngilan sakinləri diqqət və qayğıya görə təşkilatçılara minnətdarlıq bildirib.
Tədbirdə Zəngilan rayon İcra Hakimiyyəti yanında İctimai Şurasının üzvləri və İcra nümayəndəliklərinin əməkdaşları da iştirak edib.
İctimai Şura rayon sakinləri ilə səyyar qəbulda iştirak edib
Zəngilan Rayon İcra Hakimiyyəti Bakının Xətai rayonu Qaçaq Nəbi küçəsində yerləşən 5 saylı Yataqxananın sakinləri ilə səyyar qəbul təşkil edib.
Zəngilan RİH-nin başçısı Ramiz Həsənov çıxışında pandemiya ilə əlaqədar müəyyən müddətdən sonra müxtəlif ərazilərdə məskunlaşan rayon sakinləri ilə səyyar qəbulların bərpa olunduğunu və problemlərin həllinə səy göstərilməyə davam edildiyini bildirib.
5 saylı Yataqxanada müvəqqəti məskunlaşan sakinlər onları narahat edən problemlərdən danışıblar. Qaldırılan məsələlər arasında Zəngilana turların təşkili, yataqxananın zirzəmisinə yığılan suların üfunətli atmosfer yaratması, kanaliziasiya sisteminin bərbad vəziyyəti, əmək, işsizlik, əlillik və sosial müavinətlərlə bağlı çətinliklərlə aid şikayət və istəklər yer alıb.
İcra başçısı R.Həsənov müvafiq məsələlərlə bağlı cavabdeh şəxslərə göstərişlər verib və sakinlərə problemlərin həlli üçün imkanlardan istifadə ediləcəyini bildirib. Qəbuldan sonra Ramiz Həsənov və RİH-in nümayəndələri yataqxananın zirzəmisinə baxış keçirib, haqqında söz gedən ərazidəki problemlərlə yaxından tanış olublar.Səyyar qəbul və yataqxanaya baxışda həmçinin Zəngilan Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Sənan Məhərrəmov da iştirak edib və şura tərəfindən gündəm məsələlərin həlli üçün müvafiq işlərin aparılması nəzərdə tutulub.
Şəhid, qazi və aztəminatlı sosial təbəqədən olan ailələrlə görüşlər keçirilib
Zəngilan Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri 10 Oktyabrda Aran rayonlarına səfər zamanı şəhid və qazi ailəsi, həmçinin həssas sosial təbəqədən olan bir ailə ilə görüşdə olub.Şuranın sədri Sənan Məhərrəmov və fəal üzvü Dilşad Həsənova bir qrup Zəngilan ziyalısı ilə əvvəlcə Şirvan şəhərinin Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidi Xəqani Füzuli oğlu Məmmədovun məzarını ziyarət edərək, Suqovuşan uğrunda döyüşlərdə şəhid olmuş igid döyüşçümüzün il mərasimində və yaşadığı binanın qarşısında xatirə lövhəsinin açılışında iştirak ediblər.Qeyd edək ki, 4 oktyabr tarixində qəhrəmancasına şəhid olan Xəqani Məmmədovun nəşini həmin ərazidə döyüşlər davam etdiyidən Suqovuşan düşməndən azad edildikdən bir neçə gün sonra, 9 oktyabr 2020-ci il tarixdə götürmək mümkün olub. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Məmmədov Xəqani Füzuli oğlu ölümündən sonra “Vətən uğrunda”, “Ağdamın azad olunmasına görə” və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Daha sonra şura üzvləri Sabirabad rayonunda müvəqqəti məskunlaşan iki ailənin qonağı olublar. Onlar Vətən müharibəsi qazisi, “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmiş Namiq Qasımzadənin sağlamlığı və müalicəsinin gedişatı ilə bağlı bilgilər alaraq, cəsur döyşçümüzün və onun ailəsinin digər qayğıları ilə də maraqlanıblar. Ağa Qasımzadə oğlunun ötən ilin oktyabrında Füzuli ərazisində minaya düşərək sol gözünü itirdiyini, bel nahiyyəsində sınıqların, ayaqlarının isə ciddi zədələndiyini (sağ pəncəsini itirib) və əməliyyata ehtiyac olduğunu bildirib. Şura üzvləri hazırda "Yaşat" fondunun nəzarətində olan Namiqin müayinə və müalicəsini diqqətdə saxlayacaqlarını, eləcə də qazimizin qayğılarının həllinə nail olunması üçün aidiyyatı qurumlara müraciət ediləcəyini bildiriblər.
Sənan Məhərrəmov və Dilşad Həsənova həmin ərazidə yaşayan tənha qadına da baş çəkiblər. Qəndili Rüstəm qızı Hacıyevanın çətinlikləri ilə tanış olan şura üzvləri, heç bir köməyi olmayan və sosial müavinət almayan 53 yaşlı qadının işsizlik probleminin həlli üçün çalışacaqlarını söyləyiblər.
Anım Günü şəhid və qazi ailələrində qeyd edilib
Zəngilan Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri Vətən müharibəsinin Anım Günü ilə əlaqədar ötən il torpaqlarımızın düşməndən azad edilməsi uğrunda qəhrəmanlıqla döyüşən şəhid və qazi ailələrini ziyarət ediblər. Vətən müharibəsinin şəhidi Sənan Şahin oğlu Abdullayevin şərəfli döyüş yolu ilə yaxından tanış olan İctimai Şuranın sədri Sənan Məhərrəmov, şura üzvləri Dilşad Həsənova, Roza Fərəcova və qazi Salam Quliyev ailənin qayğıları ilə maraqlanıblar. Qeyd edək ki, oktyabrın 5-də Füzulinin azad edilməsi uğrunda döyüşlərdə snayper gülləsi nəticəsində şəhid olan Sənan Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Sonra İctimai şuranın üzvləri Vətən müharibəsinin ilk günlərindən Şuşanın azad edilməsinədək döyüş yolu keçmiş qazi Fərman Rafiq oğlu Quliyevlə görüşüblər. Quliyevlər ailəsi 20 yaşlı qazimizin noyabrın 7-də Şuşada gözündən ağır yaralandığını, nəticədə görmə qabiliyyətinin bir gözündə itdiyini, digərində yaranan fəsada görə isə 0.4 səviyyəyə düşdüyünü bildiriblər.
Görüşlərdə bu ailələrə aid müəyyən məsələləri qeydə alan şura üzvləri, şəhid ailəsinin, eləcə də qazimizin çətinliklərinin həll olunmasında yaxından iştirak edəcəklərini deyiblər.
Zəngilan Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri Vətən müharibəsində Anım Günü ilə əlaqədar Sumqayıt şəhərində Şəhidlər Xiyabanını ziyarət edərək, Vətən uğrunda canlarını fəda etmiş qəhrəman oğullarımızın xatirəsini yad ediblər. Şura üzvləri Camal Zeynalov və Elvin Əlizadə daha sonra Vətən müharibəsi şəhidi, ölümündən sonra "Azərbaycan bayrağı" ordeni, "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilmiş Cəbrayıl Dövlətzadənin il mərasimində iştirak ediblər.
Mərasimdə Sumqayıt şəhər rəhbərliyi və şəhər ziyalıları igid döyüşçü Cəbrayıl Dövlətzadənin şücaətlərindən danışaraq, onun kimi şəhidlərimizin qəhrəmanlıq mücəssiməsi olduğunu söyləyiblər.
Koronovirus (COVİD-19) pandemiyasının yaratdığı çətinliklərin aztəminatlı ailələrə ağır təsirlərini və müraciətləri nəzərə alaraq Zəngilan Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın təşəbbüsü ilə sosial vəziyyəti ağır olan ailələrin məktəbliləri üçün 21 sentyabr 2021-ci il tarixdə yardım aksiyası keçirilib.
Aksiya xeyirxah Zəngilan rayon sakinlərinin maddi dəstəyi sayəsində Bakı şəhəri və ətraf rayon ərazilərində məskunlaşmış 51 aztəminatlı və şəhid ailəsindən ibarət olan 55 şagirdə, 23 çeşiddə məktəb ləvazimatları təqdim edilmişdir.
Zəngilan rayon şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin, həmçinin, İctimai Şuranın sədri Sənan Məhərrəmov, üzvü Dilşad Həsənovanın iştrakı ilə I-V siniflərdən olan 25 şagirdə 20 çeşiddə, VI-XI siniflərdən 30 şagirdə isə 15 çeşiddə komplektləşdirilmiş məktəb ləvazimatları paylanmışdır.
Rayon İcra Hakimiyyəti olaraq aksiyaya dəstək olan şəxslərə təşəkkürümüzü bildiririk.
İctimai şuranın üzvləri Vətən müharibəsi Qəhrəmanı, şəhid Surxay Əbdül oğlu Noçuyevin ailəsi ilə görüşüblər
Avqust ayının 13-də Zəngilan rayon İcra Hakimiyyəti yanında İctimai şuranın üzvləri Vətən müharibəsi Qəhrəmanı, şəhid Surxay Əbdül oğlu Noçuyevin ailəsi ilə görüşüblər.
Atası şəhid zabitimizin şərəfli həyat yolundan və döyüşlərdə şücaətlərindən danışaraq xatirələrini bölüşüb.
Şura üzvləri Azərbaycan torpaqlarının azad edilməsində xidmətləri olmuş igid oğul və qızlarımıza dövlət qayğısından bəhs edərək, şəhidlərə və onların ailələrinə, o cümlədən qazilər və qəhrəman döyüşçülərə xalqımızın böyük məhəbbət və hörmətlə yanaşdığını, təmsil etdikləri məşvərətçi qurumun səlahiyyətləri çərçivəsində bu həssas ailələr üçün imtiyazların təmin edilməsinə nəzarətin gücləndiriləcəyini qeyd ediblər.
Görüşdə şəhid ailələri ilə bağlı müxtəlif məsələlərdən söz açılıb. Noçuyevlər ailəsi mənəvi dəstəyə görə İctimai Şuranın üzvlərinə öz minnətdarlığını ifadə edib.
Zəngilan rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti yığıncağı keçirilib. Şura üzvləri cari məsələlərlə yanaşı, COVİD19 pandemiyasından qorunmaq məqsədilə rayon sakinlərinin vaksinasiyası ilə bağlı fikir mübadiləsi aparıb.
Yığıncaqda sonra şura üzvləri Masazır qəsəbəsindəki Zəngilan şəhərciyində yerləşən Zəngilan Rayon Mərkəzi Xəstəxanasının Poliklinikasına baş çəkiblər. Onlar rayon əhalisinin COVİD19 virusuna qarşı peyvəndləmə prosesini izləyiblər. İctimai Şuranın üzvləri həmçinin poliklinikada yaradılmış şərait və həmyerlilərimizin vaksinasiya prosesində iştirakı ilə maraqlanıblar.