Azərbaycan
“Bakı 2015” I Avropa Oyunları
Birinci Avropa Oyunları 12 iyun - 28 iyun 2015-ci il tarixində Azərbaycanın paytaxtı Bakıda və Mingəçevirdə Avropanın 50 Milli Olimpiya Komitəsini birləşdirən Avropa Olimpiya Komitələri tərəfindən keçirilmiş, bir çox innovativ idman növünü özündə cəmləşdirən ilk Avropa oyunlarıdır. Oyunlarda 50 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançı yarışmışdır.
Tarixdə ilk Avropa Oyunlarının keçirilməsi barədə qərar 8 dekabr 2012-ci il tarixində, Romada baş tutmuş Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında qəbul edilib. Baş Assambleya iştirakçıları arasında keçirilmiş gizli səsvermə nəticəsində 48 səsdən 38 səs ilə (əleyhinə 8 səs, bitərəf 2 səs) ilk Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərar qəbul edilmişdir.
Bakıda keçirilən birinci Avropa Oyunlarından məsul olan Təşkilat Komitəsi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə qurulmuşdur. Komitəyə Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sədrlik etmişdir.