Şriftin ölçüsü :

Saytın rəngi :

2014-cü ilin 6 ayının yekunları Zəngilan rayonunda müzakirə olunmuşdur

17 iyul 2014 | 15:00

İyul ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci  yarımilinin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilmişdir.
İclasda ölkənin sosial-iqtisadi inkişafını tənzimləyən bütün sahələrdə cari ilin birinci  yarımilinin yekunları ilə bağlı Azərbaycan Prezidenti cənab İlham Əliyevin giriş və yekun nitqi dinlənilmişdir. Ölkə başçısı ötən illərdə olduğu kimi 2014-cü ilin 1-ci  yarımilində də, iqtisadiyyatın bütün sahələrində inkişafın artımla getdiyini, uğurlu inkişafın təmin edildiyni, uğurların təməlində düşünülmüş siyasətin, sabitliyin dayandığı bu islahatların sayəsində Azərbaycanın dayanıqlı inkişafının yarandığını bildirmiş, 1-ci yarımildə ölkə qarşısında duran sosisl-iqtisadi məsələlərin uğurla həll edildiyini, bu yarımildə qeyri-neft sektorunun inkişafının 7 %, iqtisadiyyatın 2,1% artdığını, bu göstərişlərin yüksək göstərici olduğunu vurğulamışdır. Ölkə Prezidenti öz nitqində iqtisadiyyatın inkişafına önəm verən, Dövlət İnvestisiya Proqramının getdikcə artdığını, cari ildə ölkə iqtisadiyyatına böyük həcmdə investisiyalar qoyulduğunu bu rəqəmin 7,6 milyard manat, yəni altı ayda 11,5 milyard dollar investisiya qoyulduğunu ilin sonuna bu rəqəmin 20 milyarda  çatdırılacağını Proqramda dövlət və özəl sektora aid olan sənayenin inkişafı üçün lazımi məsələlərin nəzərdə tutulduğunu diqqətə çatdırmışdır.
Prezident giriş və yekun nitqində makroiqtisadi sahədə işlərin tələb olunan qaydada aparıldığını, bu istiqamətdə göstəricilərin müsbət olduğunu, inflyasiyanın cəmində 1,6% təşkil etdiyini, əhalinin pul gəlirlərinin 4,7% artmaqla inflyasiyanı 3 dəfə üstələdiyini, sosial məsələlərin həllinin bu 6 ayda həmişə diqqət mərkəzində saxlanıldığını, orta əmək haqqının artaraq 440 manat və ya 560 dollar təşkil etdiyini, əhalinin sosial müdafiəsi ilə bağlı ciddi islahatlar aparıldığını vurğulamış, sosial infrastruktur layihələrin icrası gedişində 80-dan cox təhsil, 40-dan cox səhiyyə ocağının tikilib və təmir edildiyini qeyd etmişdir.
Ölkə başçısı qeyd etmişdir ki, aparılan sosial siyasətin  görünən nəticəsi olaraq Dövlət Proqramına uyğun məcburi köçkün ailələrin mənzil şəraitlərinin yaxşılaşdırılması, məşğulluqlarının artırılması istiqamətində xeyli iş görülmüş, keçən il 20 mindən çox məcburi köçkünün yeni mənzillərə köçürüldüyünün davamlı olaraq cari ildə də 20 min məcburi köçkün ailələrinin yeni mənzillərə köçürüləcəyi  məqsədilə ciddi iş aparılır.
Nazirlər Kabinetinin 2014-cü ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş yığıncağında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin giriş və yekun nitqində qarşıya qoyulmuş vəzifələr baxımından öz işini təhlil edən Zəngilan Rayon İcra Hakimiyyətində cari ilin I  yarımilində  rayonun sosial-iqtisadi inkişafı ilə bağlı bəzi işlər görülmüş və bir sıra tədbirlər həyata keçirilmişdir.
Öz işini dövlət başçısının tələblərinə uyğun qurmağa çalışan rayon icra hakimiyyəti I yarımil ərzində respublikanın 47 şəhər və rayonunda məskunlaşan, hazırda 39949 nəfər əhalini əhatə edən 1 şəhər, 5 qəsəbə və 16 kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin, idarə, müəssisə və təşkilatların fəaliyyətlərinə nəzarət etmiş, əhalinin hərəkəti və ictimai-siyasi sabitlik diqqət mərkəzində saxlanılmışdır.
2014-cü ilin birinci yarımilində Ümumi Məhsul Buraxılışının həcmində ötən illə müqayisədə artım olmuş, o cümlədən kənd təsərrüfatında 6 %, iri buynuzlu mal-qaranın, qoyun-keçinin və ev quşlarının baş sayında, ət, süd və yumurta istehsalında artım qeydə alınmış, statistik göstəricilərin artan templə formalaşmasına nəzarət artırılmışdır.
Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluqlarının artırılması məsələlərini tənzimləyən Dövlət Proqramının və Dövlət Proqramına əlavələrdə icrası nəzərdə tutulmuş məsələlərlə bağlı  ötən illərdə görülən işlərin davamı olaraq cari ilin I yarımilində bəzi işlər görülmüşdür. Bu tədbirlərin icrası nəticəsində təkcə cari ilin I yarımilində Xətai rayonunun neft-yağ zavodunun ərazisindən, Nizami rayonu ərazisində olan uşaq bağçalarından,Səbail rayonunun Bayıl qəsəbəsi Neft Şirkətinin ərazisindən, Gəncə şəhəri Kəpəz rayonunun ərazisindən və digər məskunlaşma ərazilərindən 59 ailə (237 nəfər məcburi köçkünün) mənzil şəraitləri Dövlət Proqramına uyğun olaraq yaxşılaşdırılaraq tam şəraiti olan yeni mənzillərə köçürülmüş, ümumilikdə mövcud vəziyyətə 2500-ə yaxın məcburi köçkün ailələrimizin mənzil problemləri həll edilmişdir.
Birinci yarımildə 2013/2014-cü tədris ilini  müvafiq göstəricilərlə başa vuran 36 ümumtəhsil məktəbi və 3 məktəbdənkənar müəssisə fəaliyyət göstərmiş, məktəblərdə təlim-tərbiyə  sahəsində bəzi işlər görülmüş, təlimdə 99,6 faiz mənimsəmə qeydə alınmış, maddi-texniki bazanın yaxşılaşdırılması işinə diqqət artırılmış, məktəblərə texniki avadanlıqların alınıb verilməsi təşkil edilmişdir.
Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi və tibbi personal, işlərini RİH-nin tələblərinə uyğun qurmaqla, Azərbaycan Respublikası Prezidenti  cənab İ. Əliyevin 17.02.2014-cü il tarixli tapşırığına müvafiq olaraq  icra hakimiyyəti başçısı tərəfindən  nəzarətə götürülmüş, əhalinin kütləvi şəkildə tibbi müayinədən keçirilməsi işini tələbə uyğun olaraq təşkil etmiş, məcburi köçkünlüyün yaratdığı şəraitsizliyə baxmayaraq mövcud əhalinin 31144 nəfərinin, yəni əhalinin 78%-nin tibbi müayinədən keçirilməsi təmin edilmiş, cari ilin altı ayı ərzində azsaylı tibbi personal tərəfindən 32300 nəfər ambulator qəbul olunmuş, göründüyü kimi səhiyyə işinin təşkili istiqamətində xeyli dönüş yaranmışdır.
Rayon Mədəniyyət və Turizm şöbəsi 2 mədəniyyət evinin, mərkəzi kitabxana sisteminin,3 musiqi məktəbinin və 1 kənd kitabxanasının fəaliyyətinə nəzarət etmiş, mədəni-kütləvi tədbirlərin keçirilməsində bəzi işlər görülmüş, rayon icra hakimiyyətinin tədbirlərinin hazırlanıb keçirilməsində verilən tapşırıqların icrası təmin edilmişdir.     
Rayon Qeydiyyat Şöbəsində I yarımil ərzində 155 doğum, 94 ölüm, 20 nikah pozulması, 62 nikah və digər müraciətlər qeydə alınmış, Qeydiyyat Şöbəsəndə aparılan işlərin vəziyyəti I yarımildə rayon icra hakimiyyəti başçısı yanında Şura iclasında müzakirə edilmiş, əhalinin müraciətlərinə bundan sonra da həssas yanaşılması və diqətin artırılması tövsiyyə edilmişdir.
DSMF rayon şöbəsində 5285 nəfər pensiyaçıya xidmət göstərilmiş, I yarımil ərzində 4908,0 min manat pensiya ödənilmiş, 69,7 min manat xəstəliklə bağlı müavinət ödənilmiş, ötən ilin eyni dövrü ilə müqayisədə I yarımildə pensiya və müavinətlərin ödənişində gecikmə olmamış, pensiyaların sığorta hissəsinin indeksləşdirilməsi haqqında ölkə başçısının Sərəncamına uyğun olaraq 5217 nəfər pensiyaçının pensiyaları artırılmış, təhlildən göründüyü kimi bu işlərin yaxşılığa doğru dəyişdiyi və xidmətin səviyyəsinin artırıldığı müşahidə olunmaqdadır.  
Vətəndaş müraciətlərinə ötən illərdə olduğu kimi həssaslıqla yanaşılmış, müraciətlərin torpaq və mənzil istisna olmaqla əsasən 87 faizi müsbət həll edilmişdir.
2014-cü ilin 1-ci yarımilində səyyar görüş-qəbulların keçirilməsinə diqqət artırılmış, müxtəlif kütləvi məskunlaşma yerlərində 25 səyyar görüş keçirilmiş, bu görüşlərdə 913 nəfər iştirak etmiş, 51 müxtəlif xarakterli müraciət səslənmişdir ki, onlardan 43 müraciət müsbət həll edilmiş, 6 məsələ barədə müvafiq tədbir görülmüş, 2 məsələ üzrə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılmışdır.
2014-cü ilin I yarımilində icra hakimiyyəti başçısının Xeyriyyə Fondundan 381 nəfər məcburi köçkünə onlardan 47 şəhid ailəsinə, 23 Qarabağ əlilinə, 201 nəfər aztəminatlı və ailə üzvü xəstə olan ailələrə, 60 nəfər yası düşmüş ailələrə maddi cəhətdən köməklik edilmiş, 2 nəfər 20 Yanvar əlilinə yardım edilməklə digər vacib xeyriyyə tədbirlərinin keçirilməsi təmin edilmiş, 51 imkansız məcburi köçkün ailəsinin müracətləri əsasında onların mənzil şəraitlərinin yaxşılaşdırılması üçün Xeyriyyə Fondundan maddi köməklik olunmuşdur.
Bu gün ölkə prezidentinin məqsədyönlü siyasətinin bütün regionlar kimi Zəngilan rayonuna da müsbət təsiri məruzədə qismən sadalandığı kimi göz qabağında olsa da, bəzi sahələrdə adı çəkilməyən kiçik nöqsanların aradan qaldırılması üçün bütün səylər birləşdirilməli, rayon icra hakimiyyətinin ətrafında sıx birləşməklə qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün işdə əsaslı dönüş yaradılmalıdır.
Məruzə ətrafında müzakirələrdə rayon Təhsil şöbəsinin müdiri Z. İbrahimov, Əhalinin Sosial Müdafiəsi mərkəzinin direktoru H.Ələkbərov, Su idarəsinin müdiri H. Həsənov , Zəngilan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə M.Rəhimov çıxış etmişlər.
Müzakirəyə rayon icra hakimiyyətinin başçısı cənab R. Həsənov yekun vuraraq həlli zəruri olan bir sıra mühüm məsələləri diqqətə çatdırmış, əmin olduğunu bildirmişdir ki, həmişə olduğu kimi, zəngilanlılar qarşıdakı dövrdə də ölkə başçısının irəli sürdüyü tələblər səviyyəsində çalışaraq ümumi işə öz layiqli töhvələrini verəcəklər.
Müzakirə olunan məsələ ilə əlaqədar müvafiq qərar qəbul olunmuşdur.

Keçidlər