Vətən Müharibəsi Şəhidləri
Abdüləzimli Emil Rasif oğlu
1994-2020
Abdüləzimli Emil Rasif oğlu 06 dekabr 1994-cü ildə Sumqayıt şəhərində anadan olub. 2001-ci ildə 1 saylı Sumqayıt şəhər orta məktəbinin 1-ci sinfinə daxil olub. 2002-2012-ci illərdə Abşeron rayonu, Masazır qəsəbəsi 2 saylı tam orta məktəbində təhsil alıb. 2012-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirib. 2012-ci ildə yüksək balla Azərbaycan Kooperasiya Universitetinə qəbul olunan Emil Abdüləzimli 2016-cı ildə universiteti yüksək naliyyətlərlə bitirib.
Həmin ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2017-ci ildə Naxçıvan MR-nın Culfa şəhəri N saylı hərbi hissədə hərbi xidmətini başa vuran Emil Abdüləzimli hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib.
27 sentyabr 2020-ci il tarixdən etibarən başlayan, Azərbaycan Ordusunun apardığı əks hücum əməliyyatlarına könüllü olaraq qatılıb. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə Füzuli, Şuşa və Hadrut istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib. 19 oktyabr 2020-ci il tarixdə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.
Subay idi. 20 oktyabr 2020-ci ildə Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn edilib.
15 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
Abdullayev Sənan Şahin oğlu
1998-2020
Abdullayev Sənan Şahin oğlu 1998-ci il noyabr ayının 1-də Bakı şəhərində anadan olub. Əslən Zəngilan rayonunun Ağbis kəndindən olan Sənan Abdullayev 2005-ci ildə Nərimanov rayonu, Məzahir Məmmədov adına 37 saylı tam orta məktəbdə təhsil almağa başlayıb. 2016 -cı ildə həmin məktəbi bitirib. Məktəb illəri ərzində nümunəvi şagird olub, hərbi hazırlıq dərslərində fəal iştirak edib. Həmçinin güləş, boks və qaydasız döyüş kimi idman növlərində naliyyətlər əldə edib, medallarla təltif olunub.
2017-ci ildə N saylı hərbi hissədə Kəşfiyyat briqadasında hərbi xidmətə başlayıb. Hərbi xidmətdə olduğu müddətdə nümunəvi əsgər kimi "Təşəkkürnamə" və "Fəxri Fərman"-la təltif olunub, komandirləri tərəfindən seçilərək N saylı hərbi hissədə Xüsusi Təyinatlı Qüvvələrdə hərbi xidmətini davam etdirib.
Hərbi xidməti bitirdikdən sonra bir neçə özəl obyektdə satıcı kimi işləməyə başlayan Sənan Abdullayev işlədiyi müddət ərzində kollektivin rəğbətini qazanıb.
General-mayor Polad Həşimovun ölümü ilə sarsılan Sənan Cənab Ali Baş Komandan İlham Əliyevin səfərbərlik əmri verilən kimi könüllü olaraq hərbi komissarlığa müraciət edib. Ehtiyac olduğu təqdirdə xəbər veriləcəyi bildirilsə də, təkidlə onun cəbhə bölgəsinə döyüşə aparılmasını istəyib. 2020-ci il 30 sentyabr tarixində bu istəyinə nail olub. Döyüşə gedərkən üçrəngli bayrağımızı özü ilə aparan igid əsgər bayrağı Zəngilan rayonuna sancacağını bildirib.
Döyüş zamanı Füzuli istiqamətində irəliləyərək komandiri və döyüş yoldaşları ilə birlikdə 3 post alaraq düşmən hərbiçilərini məhv ediblər. Döyüş əməliyyatını layiqincə yerinə yetirən Sənan Abdullayev mühasirəyə alınmış döyüş yoldaşlarını qorumaq üçün öz canını sipər edib. 5 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə alnından snayperlə vurularaq Şəhid olub. Cənazəsi doğulduğu gün - 1 noyabrda neytral ərazidən tapılıb. Subay idi. 20 noyabr 2020 -ci ildə II Fəxri Xiyabanda dəfn olunub.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Abdullayev Sənan Şahin oğlu ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
Hüseynov İmamalı Cəlil oğlu
1992-2020
Hüseynov İmamalı Cəlil oğlu 03 dekabr 1992-ci ildə Zəngilan rayonunun Tağlı kəndində anadan olmuşdur. 1999-cu ildə Abşeron rayonu, Mehdiabad qəsəbəsi 2 saylı tam orta məktəbinə daxil olub, həmin məktəbi bitirdikdən sonra Bakı şəhər Dərnəgül qəsəbəsində yerləşən Texniki Peşə məktəbində oxuyub. 2012-2014-cü illərdə Daxili Qoşunların tərkibində həqiqi hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra Baş Mühafizə idarəsinin mühafizə xidmətində işləyib.
Hərbiyə olan böyük marağı onu 2009-cu ildə Azərbaycan Respublikası Dövlət Sərhəd xidmətinə gətirib çıxarır. Sərhəd Qoşunlarının N saylı hissəsində müddətdən artıq hərbi xidmətə yollanaraq kiçik gizir vəzifəsində işləyib.
27 sentyabr 2020-ci il tarixdən başlamış İkinci Qarabağ savaşında Vətənin bölünməzliyi və müstəqilliyi uğrunda gedən müharibədə Füzuli və Cəbrayıl rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib. 09 oktyabr 2020-ci il tarixdə Füzuli istiqamətindəki döyüşlərdə qəhrəmancasına həlak olaraq Şəhidlik zirvəsinə ucalmışdır.
Subay idi. Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən İmamalı Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı, "Döyüşdə fərqlənməyə görə" medalı, "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Məhərrəmov Fərid Asif оğlu
2002-2020
Məhərrəmov Fərid Asif оğlu 8 fevral 2002-ci ildə Bakı şəhərində anadan оlub. Əslən Zəngilan rayonu Cahangirbəyli kəndindən olan Fərid Məhərrəmov ilk təhsilini 2009-cu ildə Xocəvəd rayon tam оrta ümumtəhsil məktəbində alıb. Təhsilini 2019-cu ildə Kəlbəcər rayon 17 saylı məktəbində bitirib. Məktəbdə oxuduğu illər ərzində idmanın Qaydasız döyüş növü ilə məşğul olub. Bu idman növündə bir neçə fəxri adlar alıb. Gürcüstan respublikasında keçirilən yarışlarda 1-ci yerə layiq görülüb.
2020-ci ilin may ayında Bərdə rayonuna həqiqi hərbi xidmətə yollanıb. Xidməti borcunu ləyaqətlə yerinə yetirən igid əsgər torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində Goranboy, Tərtər və Ağdərə istiqamətindəki döyüşlərdə iştirak edib.
Məhərrəmov Fərid Asif оğlu 07 oktyabr 2020-ci il tarixdə Ağdərə və Talış kəndi uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək Şəhid olub. Subay idi. Sumqayıt şəhər qəbirstanlığında dəfn edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Məhərrəmov Fərid Asif оğlu ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
Mehdiyev İsmayıl Davud oğlu
2002-2020
Əslən Zəngilan rayonunun Mincivan qəsəbəsindən olan Mehdiyev İsmayıl Davud oğlu 23 yanvar 2002-ci ildə Bakı şəhərində anadan olub. 2008-2016-cı illərdə Abşeron rayonu Xırdalan qəsəbəsində fəaliyyət göstərən Laçın rayonunun 1 saylı məktəbində təhsil alıb. 8-ci sinfi bitirdikdən sonra Naxçıvan şəhərində Heydər Əliyev adına hərbi liseydə təhsilini davam etdirib. 2019-cu ildə Bakı şəhərində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində hərbi təhsil almağa başlayıb.
2020-ci ilin may ayında ərizə yazaraq cəbhə bölgəsinə yollanıb. 27 sentyabr 2020-ci ildə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərə könüllü olaraq qatılıb. Döyüşlərdə böyük şücaət göstərərək Zəngilan, Qubadlı rayonlarının alınmasında iştirak edib, Xocəvənd istiqamətində gedən döyüşlərdə, yuxarı Veysəlli kəndində 01 noyabr 2020-ci il tarixdə itkin düşüb.
Şəhidin nəşi dekabr ayının 12-də tapılıb, II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə Mehdiyev İsmayıl Davud oğlu ölümündən sonra “Vətən uğrunda”, "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Məmmədov Xəqani Füzuli oğlu
2002-2020
Məmmədov Xəqani Füzuli oğlu 30 mart 2002-ci il tarixdə Şirvan şəhərində anadan olub. Əslən Zəngilan rayon Qaradərə kəndindən olan Xəqani Məmmədov 2009-cu ildə Şirvan şəhərində yerləşən Zəngilan rayon 3 nömrəli tam orta məktəbinin birinci sinfinə daxil olmuş, 2020-ci ildə həmin məktəbi bitirmişdir.
2020-ci ilin iyul ayında SHXÇDX-nın Zəngilan rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Xidməti borcunu ləyaqətlə yerinə yetirən igid əsgər 27 sentyabr 2020-ci ildə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Suqovuşan istiqamətindəki döyüşlərdə qəhrəmanlıq göstərərək 04 oktyabr 2020-ci il tarixdə Şəhid olub.
Həmin ərazidə döyüşlər davam etdiyi üçün şəhidin nəşini bir neçə gün sonra Suqovuşan düşməndən azad edildikdən sonra, 09 oktyabr 2020-ci il tarixdə həmin ərazidən götürülüb. Subay idi. 10 oktyabr 2020-ci il tarixdə Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Məmmədov Xəqani Füzuli oğlu ölümündən sonra “Vətən uğrunda”, “Ağdamın azad olunmasına görə” , "Suqovuşannın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Vətən Müharibəsi Qəhrəmanı
Kapitan Noçuyev Surxay Əbdül oğlu
1988-2020
Noçuyev Surxay Əbdül oğlu 1988-ci il dekabr ayının 19-u Zəngilan rayonu Məmmədbəyli kəndində anadan olub. 1995-2002-ci illərdə Bakı şəhərində Xarici Dillər Təmayüllü Gimnaziyada, 2002-2005-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2005-2009-cu illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. 2010-cu ildə leytenant rütbəli Zabit kimi hərbi fəaliyyətə başlayıb.
Zabit kimi fəaliyyəti müddətində Tağım komandiri, Bölük komandiri, Taborun qərargah rəisi və 29 yaşında Tabor komandiri vəzifəsinə təyin edilib. 2016-cı ildə Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnən dördgünlük aprel döyüşlərində iştirak edib. Xidmət fəaliyyəti dövründə "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalla, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" Yubiley medalı və bir çox Fəxri Fərmanlarla təltif olunmuşdur.
2020-ci il sentyabrın 27-si tarixində Vətən müharibəsi başlayan gündən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd və Şuşa uğrunda gedən döyüşlərdə ön cəbhədə tabor komandiri kimi döyüşüb. Xüsusən Füzuli və Qubadlının işğaldan azad olunması uğrunda gedən ağır döyüşlərdə, düşmənin müdafiə səddinin yarılmasında bir neçə döyüş əməliyyatının fəal iştirakçısı olub. Düşmənin çoxsaylı canlı qüvvəsini və texnikasını məhv edib. 8 noyabr tarixində Şuşa şəhərinin azad olunması uğrunda gedən tarixi döyüşlərdə, uğurlu döyüş taktikası ilə tabeliyində olan şəxsi heyəti müdafiə edərək Vətən müharibəsinin sonuncu günündə qəhrəmancasına Şəhid olub.
12 noyabr 2020-ci il tarixdə 2-ci Fəxri Xiyabanda dəfn olunub. Ailəli idi, iki övladı yadigar qalıb. Kapitan Noçuyev Surxay Əbdül oğlu ölümündən sonra Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamları ilə "Vətən Müharibəsi Qəhrəmanı", "Vətən Uğrunda" medalı və "Qubadlının azad olunmasına görə" medalı ilə təltif olunmuşdur.
Rzazadə Həsən Vüqar oğlu
1994-2020
Rzazadə Həsən Vüqar oğlu 15 iyun 1994-cü ildə Sumqayıt şəhərində anadan olub. Əslən Zəngilan rayonunun Mincivan qəsəbəsindən olan Həsən Rzazadə 2001-ci ildə Qusar rayonunun Yuxarı Zeyxur kənd orta məktəbində təhsil almağa başlayıb. 2011-ci ildə həmin məktəbi bitirib. 2011-2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2015-ci ildə leytenant hərbi rütbəsi ilə Təlim Tədris Mərkəzində təhsilini davam etdirib.
2016-cı ildə N saylı hərbi hissədə hərbi xidmətə başlayıb. Xidməti zərurətlə bağlı 2017-ci ildə Sülhməramlı qüvvələrdə tağım komandiri vəzifəsində davam etdirib. 2018-ci ildə Baş leytenant rütbəsi alıb. 2019-cu ilin yanvar ayından 6 ay müddətinə Əfqanıstana ezam olunub.
27 sentyabr 2020-ci ildə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə könüllü olaraq ön cəbhəyə gedib. Zəngilan, Qubadlı və Laçın rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib.
Oktyabrın 29-u Laçın dəhlizi uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub. 31 oktyabr 2020-ci ildə II Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra "Qarabağ" ordeni, " Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə ", "Laçının azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Sarıyev Samir Əli oğlu
1993-2020
Sarıyev Samir Əli oğlu 26 oktyabr 1993-cü ildə Əlibayramlı şəhərində anadan olub. Əslən Zəngilan rayonu Malatkeşin kəndindən olan Samir Sarıyev 2009-cu ildə Laçın rayonu 9 saylı tam orta məktəbini bitirib. 2012- 2013-cü illərdə hərbi xidmətdə olmuş, xidmət etdiyi hərbi hissənin komandiri General-mayor Polad Həşimov tərəfindən 2013-cü ildə nümunəvi xidmətinə görə valideynlərinə təşəkkür məktubu göndərilib.
27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən müharibəsi zamanı könüllü olaraq döyüşlərə qatılan Samir Sarıyev Xocavənd və Füzuli rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 27 oktyabr 2020-ci ildə Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.
Subay idi. 15 noyabr 2020-ci ildə Suraxanı rayonu Dədə Qorqud qəbiristanlığında dəfn edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Sarıyev Samir Əli oğlu ölümündən sonra “Xocavəndin azad olunmasına görə” , “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunmuşdur.
Səfərov Fariz Şəmil oğlu
1981-2020
Səfərov Fariz Şəmil oğlu 13 noyabr 1981-ci ildə Zəngilan rayonunun Şayıflı kəndində anadan olub. 1988-ci ildə Zəngilan rayon Şayıflı kənd orta məktəbinin I sinifinə daxil olub. Yurdumuzun erməni işğalından sonra məcburi köçkün kimi ailəsi ilə birlikdə Hacıqabul rayonunda məskunlaşıb. Hacıqabul rayon Qazıməmməd məktəbinin XI sinifini bitirib.
Fariz Səfərov orta məktəbi bitirdikdən sonra 2000-2001-ci illərdə həqiqi hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra 2001-ci ildən Hacıqabul rayon Qazıməmməd dəmir yol stansiyasında işləyib. 2020-ci ilin noyabrından Hacıqabul rayon mərkəzi xəstəxanasında təcili tibbi yardım sürücüsü işləyib.
Fariz Səfərov 27 sentyabr 2020-ci ildə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərə könüllü olaraq qatılıb. 02 noyabr 2020-ci il tarixdə Xocavənd ərazisində gedən döyüşlərdə böyük şücaət göstərərək Şəhid olmuşdur.
Ailəlidir. Dörd övladı yadigar qalıb. Bakı şəhəri Ramana kənd qəbirstanlığında dəfn edilib.