Şriftin ölçüsü :

Saytın rəngi :

Elanlar

 

2024/2025-ci tədris ili üçün DİN-in Polis Akademiyasında

“hüquqşünaslıq” ixtisası üzrə əyani təhsilə kursantların qəbuluna dair

 

E L A N

 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi xüsusi təyinatlı təhsil müəssisəsi olan Polis Akademiyasına “hüquqşünaslıq” ixtisası üzrə əyani təhsilə 500 kursantın qəbulu üçün müsabiqə elan edir.

Müsabiqədə - Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm, çağırışçı kimi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda və həqiqi hərbi xidmətə yararlı olan, buraxılış siniflərində  (11-ci sinifdə) oxuyan və ya tam orta təhsilli, 16 yaşdan 18 yaşadək olan (2024-cü ilin avqust ayının 1-dək 16 yaşı tamam olacaq) Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilər.

İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, 2024-cü ilin yanvar, aprel və iyul tarixlərində həqiqi hərbi xidmətə getməli olan çağırışçılar, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, yaxın qohumları qəsdən törədilmiş ağır cinayətlərə görə məhkum edilmiş (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), eləcə də “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamə ilə müəyyən olunmuş digər şərtlərə uyğun gəlməyən vətəndaşlar müsabiqəyə buraxılmır.

Sənədlərin qəbulu 2024-cü il yanvar ayının 22-dən mart ayının 3-dək bazar günləri istisna olmaqla hər gün saat 1000-dan 1700-dək namizədin qeydiyyatda olduğu inzibati ərazi üzrə polis idarə və ya şöbələrində həyata keçiriləcəkdir.

Namizədlər aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

– şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə (əsli və surəti);

– təhsil müəssisəsinin buraxılış sinfində oxuması haqqında DİN-ə təqdim olunması üçün arayış və ya tam orta təhsil haqqında sənəd (attestat);

– yaşayış yeri üzrə tibb müəssisəsindən DİN-ə təqdim olunması üçün sağlamlıq haqqında arayış;

– ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə (əsli və surəti);

– oxuduğu təhsil müəssisəsi tərəfindən DİN-ə təqdim olunması üçün verilmiş xasiyyətnamə;

– 9x12 sm ölçüdə 2 ədəd, 4x6 sm ölçüdə 4 ədəd  fotoşəkil (papaqsız, rəngli, donuq kağızda).

Sənəd qəbulu ilə bağlı əlavə məlumat almaq üçün əlaqə telefonları: 8880 qaynar xətti, (012) 454-12-78, (012) 590-97-76, (012) 590-99-47.

Polis Akademiyasında təhsilə, eyni zamanda daxili işlər orqanlarında xidmətə qəbulun ilkin şərtlərinə uyğun gələn namizədlərə müvafiq forma üzrə ərizə-öhdəlik yazmaq təklif olunur və onlar abituriyent hesab olunur.

Abituriyentlər fiziki hazırlıq imtahanı (fiziki hazırlıq üzrə minimal normativlər: turnikdə dartınma – çəkisi 80 kiloqramadək olanlar üçün – 10 dəfə, 80 kiloqramdan yuxarı olanlar üçün – 8 dəfə; qaçış 100 metr məsafəyə – 15 saniyə və 1000 metr məsafəyə – 4 dəqiqə; qollar üzərində bədənin döşəmədən qaldırılması – 20 dəfə; arxası üstə uzanmış halda bədənin döşəmədən qaldırılması – 20 dəfə) verməli, Nazirliyin seçmə komissiyasından uğurla keçdikdən sonra Tibb İdarəsinin Xüsusi həkim komissiyasında müayinə olunub “Polis Akademiyasında təhsilə yararlı” olması barədə rəyi sənədləri toplanan polis orqanına dərhal təqdim etməlidirlər.  Komissiyaların işi ilə bağlı şikayətlərə nəticələr elan olunduğu anda abituriyentin komissiya sədrinə müraciəti olduqda baxılır.

Fiziki hazırlıq normativlərindən birini ödəyə bilməyən, Nazirliyin seçmə və ya həkim komissiyalarından keçə bilməyən və ya həkim komissiyasına göndəriş aldığı gündən 15 gün ərzində müvafiq rəyi təqdim etməyən abituriyentlər müsabiqədən kənarlaşdırılır.

Müsabiqəyə buraxılan abituriyentlərin siyahısı III ixtisas qrupu fənləri üzrə qəbul imtahanlarına buraxılmaları üçün Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə göndərilir. İmtahanlar Azərbaycan və rus dillərində keçirilir.

Qəbul imtahanlarının keçirilməsi ilə bağlı bütün təşkilati tədbirlər, sənədləşdirmə, imtahanların vaxtı, yeri və digər şərtlər Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilir və abituriyentlər bu məqsədlə həmin Mərkəzin internet saytında və ya kütləvi informasiya vasitələrində verilən elanları izləməlidirlər.

DİM-in qərarı əsasında seçilmiş abituriyentlərlə daxili işlər orqanlarında xidmət keçmə haqqında müqavilə bağlanır. 18 yaşına çatmayan şəxlərlə müqavilə onların qanuni nümayəndələrinin – valideyninin, övladlığa götürənin və ya himayəçinin yazılı razılığı ilə bağlanılır. Bu şəxslərin Polis Akademiyasına qəbulu müqavilə bağlandıqdan sonra Akademiya rəhbərinin əmri ilə rəsmiləşdirilir və onlar daxili işlər orqanlarının əməkdaşı hesab olunurlar.

Daxili işlər orqanlarında xidmət keçmə haqqında müqavilədə abituriyentlərin daxili işlər orqanlarına xidmətə könüllü daxil olması, təhsili başa vurduqdan sonra 7 (yeddi) il müddətində daxili işlər orqanlarında xidmət keçmək vəzifəsi, habelə təhsili başa vurduqdan sonra daxili işlər orqanlarında xidmət keçmək istəməyən, yaxud həmin müddətdə öz arzusu ilə daxili işlər orqanlarında xidmətdən çıxan şəxslərin Polis Akademiyasında onların hazırlanmasına çəkilmiş xərclərin əvəzini ödəmək öhdəliyi nəzərdə tutulur.

Daxili işlər orqanlarında xidmət keçmə haqqında müqavilənin forması və bakalavrların hazırlanmasına çəkilmiş xərclərin hesablanması qaydası Nazirlik tərəfindən müəyyən edilir.

Polis Akademiyasında bakalavrların hazırlanmasına çəkilmiş xərclər daxili işlər orqanlarında xidmət keçmə haqqında müqavilə ilə müəyyən edilmiş müddətdə könüllü ödənilmədikdə məhkəmə qaydasında tutulur.

DİN-in Polis Akademiyasına qəbul olunmuş kursantlar 14 avqust – 14 sentyabr 2024-cü il tarixdə Akademiyada ilkin hazırlıq kursuna cəlb edilir, dərslər 15 sentyabrda başlamaqla, tədris azərbaycan dilində aparılır, təhsil müddəti 4 ildir.

Təhsil müddətində kursantlar dövlət hesabına yataqxana, xüsusi geyim forması, təqaüd və yeməklə təmin olunur, Akademiyanın ərazisində yerləşən yataqxanada yaşayırlar.

 Məzunlara “hüquqşünaslıq” ixtisası, “polis leytenantı” xüsusi və “ehtiyatda olan leytenant” hərbi rütbələri verilməklə daxili işlər orqanlarında müvafiq vəzifələrə təyin edilirlər.

Seçmə komissiyasının vaxtı barədə əlavə məlumat veriləcəkdir. Polis Akademiyası haqqında ətraflı məlumatlar Akademiyanın www.pa.edu.az internet saytında yerləşdirilmişdir.

 

 

                                                                   *** 12 avqust 2021-ci il “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyi Ədliyyə Nazirliyi ilə birgə 2021-ci il "Nizami Gəncəvi İli" çərçivəsində "Kitab bizdən, oxumaq sizdən" devizi altında vətəndaş təşəbbüsü kampaniyası keçirir.

Kampaniyanın məqsədi penitensiar müəssisələrin kitabxana fondlarının müxtəlif bədii, publisistik və digər elmi kitablarla zənginləşdirilməsi, azadlıqdan məhrum edilmiş şəxslərin mütaliə marağının artırılması, məhkumların islah prosesinin və asudə vaxtının səmərəli təşkili, bilik və dünyagörüşlərinin artırılması, onların ayrı-ayrı ixtisaslara, peşə sahələrinə olan marağı nəzərə alınaraq təlim-tədris proqramlarının keçirilməsi onların hüquqlarının etibarlı təminatına xidmət edir.
Ədliyyə nazirliyinin bu sahədə vətəndaş cəmiyyəti institutları ilə sıx işgüzar fəaliyyəti, cəzaçəkmə müəssisələrində məhkumların islah prosesinə, çoxşaxəli, mühüm tərbiyəvi əhəmiyyət kəsb edən tədbirlərə ayrı-ayrı qeyri-hökumət təşkilatlarının yaxından cəlb edilməsi Zəngilan Rayon İcra  Hakimiyyəti yanında İctimai Şuranın da diqqətini cəlb etdi. İctimai şura üzvləri Zəngilan Rayon Gənclər və İdman İdarəsi ilə birgə bu təşəbbüsə qoşulmağa qərar verdi.
İctimai şura və rayon Gənclər və İdman İdarəsi bu aksiya üçün kitabların əsasən Zəngilan rayonunun ensiklopedik məlumatlar və Zəngilanlı müəlliflərin kitablarından olmasını daha məqsədəuyğun hesab edir. Bununla biz cəmiyyətimizin həssas təbəqəsi olan məhkumlara Zəngilanla bağlı məlumatlar çatdıra və yerli müəlliflərimizin yaradıcılığını tanıda bilərik.
Kampaniyaya qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri, habelə nəşriyyatlar, kitab mağazaları, şair, yazıçılar və digər  vətəndaşlar qoşularaq oxuduqları kitabları cəzaçəkmə müəssisələrinin kitabxanalarına hədiyyə edə bilərlər.
Bununla əlaqədar kitabları “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin ofisinə (Ünvan: Bakı ş, Mətbuat pr.529-cu məhəllə. Azərbaycan nəşriyyatı, 3-cü mərtəbə, 120-ci otaq), həmçinin +994 55 3251 838 nömrəli telefonlarla əlaqə saxlamaqla təqdim etmək olar.
Kitabları gətirən şəxslərlə "Kitab bizdən, oxumaq sizdən" şüarı ilə hazırlanan xüsusi baner önündə fotolar çəkilərək sosial mediada paylaşımlar ediləcəkdir.

       İctimai şura sizləri aksiyada fəal iştirak etməyə dəvət edir. Cəzaçəkmə müəssisələrinə hədiyyə etmək istədiyiniz kitabları göstərilən ünvana çatdıra bilməsəniz bizimlə əlaqə saxlaya bilərsiniz. Inanırıq ki, İctimai şuranın təşəbbüsü ilə Zəngilan ictimaiyyətinin də cəlb edildiyi belə nəcib və xeyirxah tədbirlərdən kənarda qalmayacaqsınız. Zəngilan rayon İcra Hakimiyyəti yanında İctimai şura fəaliyyətinin bir istiqaməti kimi Respublikanın müxtəlif təşkilatları ilə faydalı əməkdaşlığını davam etdirəcək.

  *** 07 oktyabr 2020-ci il

Azərbaycan Respublikası  Zəngilan  Rayon İcra Hakimiyyəti yanında  fəaliyyət göstərən ictimai  Şuranın üzvlüyünə seçkilərlə bağlı Elan


       Zəngilan rayon İcra hakimiyyəti konkret birdəfəlik təşkilati və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədilə, digər birdəfəlik tətbiq halları üzrə qeyri-normativ hüquqi aktların qəbulunda, müvafiq fəaliyyət sahələrində ictimai nəzarətin təşkilində vətəndaş cəmiyyətinin iştirakını təmin etmək üçün İcra Hakimiyyəti yanında fəaliyyət göstərən ictimai şuranın formalaşdırılması üçün şuranın üzvlüyünə seçkilərin təşkili məqsədilə 9 nəfərdən ibarət seçki komissiyası yaradılmışdır.
       Müvafiq sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyəti institutlarının nəzərinə çatdırılır ki, Zəngilan rayon İcra hakimiyyəti yanında ictimai şuranın fəaliyyətində iştirak etmək istəyənlər 07 oktyabr 2020-ci il tarixdən 20 iş günü müddətində seçki komissiyasına müraciət edə bilərlər.
       Müraciətə (müraciətdə əlaqə vasitələri, e-mail və digər zəruri məlumatlar qeyd edilməlidir) vətəndaş cəmiyyəti institutları ictimai şuranın üzvlüyünə irəli sürdüyü namizəd barədə aşağıdakı sənədləri əlavə etməlidirlər:
1. şəxsiyyət vəsiqəsinin surəti;
2. namizədin tərcümeyi-halı;
3. namizəd hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda həmin  üzvlüyünü təsdiq edən sənədin surəti;
4. Yerli icra hakimiyyəti orqanı yanında yaradılan ictimai şuralara namizədlərə münasibətdə şəxsin müvafiq sahə üzrə təcrübəyə və ya birliyə malik olmasını sübut edən sənəd (olduğu halda əmək kitabçasının sürəti, əmək kitabçası olmadıqda isə məlumatı təsdiqləyəcək digər sənədlər)
Tələb olunan sənədlərdən əlavə vətəndaş cəmiyyəti institutu tərəfindən namizəd barədə geniş məlumat verən digər sənədlər də təqdim edilə bilər.

                                                                  

*** 24 noyabr 2020-ci il

Zəngilan rayon  İcra Hakimiyyəti yanında İctimai şuranın üzvlüyünə dair keçiriləcək birgə yığıncaqla bağlı Elan

Vətəndaş cəmiyyəti institutlarının nəzərinə çatdırılır ki, Zəngilan rayon İcra hakimiyyəti yanında İctimai şuranının birgə yığıncağında (səsvermədə) iştirak etmək istəyənlər 24 noyabr 2020-ci il tarixdən ictimai şuranın Seçki Komissiyasına müraciət edə bilərlər.
Birgə yığıncaqda (səsvermədə) hər bir vətəndaş cəmiyyəti institutundan  bir nümayəndə iştirak edə bilər.
Səsvermədə iştirak üçün müraciətə (müraciətdə səsvermədə iştirak edəcək şəxsin əlaqə vasitələri, e-mail və digər zəruri məlumatları qeyd edilməlidir) vətəndaş cəmiyyəti institutları aşağıdakı sənədləri əlavə etməlidirlər.
-Səsvermədə iştirak edəcək nümayəndələrin şəxsiyyət vəsiqələrinin surəti;
-Vətəndaş cəmiyyəti institutunu təmsil etdiyini təsdiq edən sənədin surəti;
-Təmsil etdiyi vətəndaş cəmiyyəti institutunun dövlət qeydiyyatı ilə bağlı sənədin surəti;

Zəngilan rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın birgə yığıncağı (səsvermə) 03 dekabr 2020-ci il tarixdə saat 10:00-da Abşeron rayonu, Masazır qəsbəsində məcburi köçkünlər üçün salınmış şəhərcikdə, mədəniyyət evində keçiriləcək.

 

Keçidlər