Zəngilan Rayon İcra Hakimiyyətininin başçısı Ramiz Həsənovun növbəti səyyar qəbulu Səbail rayonu, Badamdar qəsəbəsində məskunlaşan sakinlərlə keçirildi
Təsdiq edilmiş qrafikə əsasən rayon rəhbəri cənab Ramiz Həsənovun zəngilanlı sakinlərlə növbəti səyyar qəbulu 04 noyabr 2025-ci il tarixdə Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 239 saylı tam orta məktəbin akt zalında keçirildi. Görüşdə icra başçısının müavinləri, aparatın şöbə müdirləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, rayonun idarə və müəssisə rəhbərləri iştirak etdilər.
Ənənəyə uyğun olaraq, Zəngilan RİH başçısı ilk öncə əhalini ümumi qəbul edərək dünyada, ölkəmizdə və rayonumuzda son dövrlərdə baş verənlər haqqında müfəssəl məlumat verdi. Daha sonra sakinləri fərdi qəbul etdi. Müraciətlər əsasən qayıdışla bağlı oldu. Rayona köçürülmənin müddəti, qaydaları və şərtləri haqqında ətraflı məlumat almaq istəyən sakinlərə rayon rəhbəri müəyyən izah verdi. Bundan əlavə bir çox sosial problemlər haqqında edilən müraciətlərin bir çoxu yerində həll olundu, aradan qaldırılması vaxt tələb edən məsələlərlə əlaqədar rayonun aidiyyəti idarələrinə Rayon İcra Hakimiyyəti başçısı tərəfindən tapşırıqlar verildi.
Rayon sakinləri mütəmadi keçirilən görüşlərin problemlərin həllində əhəmiyyətli rol oynadığını qeyd edərək ölkə başçısına və rayon rəhbərinə öz minnətdarlıqlarını bildirdilər.







