Zəngilan Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüşü Sumqayıt şəhərində keçirildi
Təsdiq edilmiş qrafikə əsasən rayon rəhbəri cənab Ramiz Həsənovun zəngilanlı sakinlərlə növbəti səyyar qəbulu 25 noyabr 2025-ci il tarixdə, icra başçısının müavinləri, aparatın şöbə müdirləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, rayonun idarə və müəssisə rəhbərlərinin iştirakı ilə Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən Qubadlı rayon Çaytumas kənd tam orta məktəbinin akt zalında keçirildi.
Rayon İcra Hakimiyyəti başçısı cənab prezidentin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər, azad olunmuş torpaqlarımızda olan quruculuq-bərpa işləri barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Rayon sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına və rayon rəhbərinə öz təşəkkürlərini bildirdilər.
Daha sonra sakinlərin müraciətləri dinlənildi. Müraciətlər əsasən qayıdışla bağlı oldu. Rayona köçürülmənin müddəti, qaydaları və şərtləri, rayonda məşğulluq haqqında ətraflı məlumat almaq istəyən sakinlər rayon rəhbəri tərəfindən məlumatlandırıldı. Bundan əlavə bəzi sosial problemlər haqqında edilən müraciətlərin bir çoxu yerində həll olundu, aradan qaldırılması vaxt tələb edən məsələlərlə əlaqədar rayonun aidiyyəti idarələrinə Rayon İcra Hakimiyyəti başçısı tərəfindən tapşırıqlar verildi.







