Zəngilan Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüşü keçirildi
Vətəndaşların problemlərinin operativ şəkildə həll edilməsi və onlarla mütəmadi ünsiyyətin qurulması ölkə rəhbərliyinin əsas tələblərindən biridir. Bu baxımdan keçirilən səyyar görüşlər insanların müraciətlərini birbaşa dinləmək və onların həlli yollarını müəyyənləşdirmək üçün mühüm platforma rolunu oynayır.
Təsdiq edilmiş qrafikə əsasən Zəngilan Rayon İcra Hakimiyyəti başçısının zəngilanlı sakinlərlə növbəti səyyar qəbulu 9 sentyabr 2025-ci il tarixdə Sabunçu rayonu, Ramana qəsəbəsində 78 nömrəli tam orta məktəbin akt zalında keçirildi.
Görüşdə icra başçısının müavinləri, aparatın şöbə müdirləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, rayonun idarə və müəssisə rəhbərləri iştirak etdilər.
Sakinlər tərəfindən gündəlik həyat və məskunlaşma ilə bağlı bir sıra məsələlər – sosial rifah, məşğulluq, infrastruktur və digər mövzularla bağlı müraciətlər səsləndirildi. İcra başçısı hər bir müraciəti diqqətlə dinləyərək yerində araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyəti qurumlara tapşırıqlar verdi.
Sakinlər mütəmadi keçirilən görüşlərin problemlərin həllində əhəmiyyətli rol oynadığını, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.







