Zəngilan Rayon İcra Hakimiyyəti başçısının 22.10.2024-cü il tarixdə Sumqayıt şəhərində məskunlaşan sakinlərlə növbəti səyyar görüşü keçirildi.
Zəngilan Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüşü 22 oktyabr 2024-cü il tarixdə Sumqayıt şəhərində məskunlaşan zəngilanlı sakinlər ilə keçirildi. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, rayonun idarə və müəssisə rəhbərləri iştirak etdilər.
Görüş zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərimizdə, o cümlədən Zəngilan rayonunda aparılan abadlıq-quruculuq işləri barədə ətraflı məlumat vermiş və bütün bunların vətəndaşlarımızın rahat həyat şəraitinin təmin olunması istiqamətində ölkə rəhbərliyinin müəyyən etdiyi əsas hədəflərindən biri olduğunu qeyd etmişdir.
Daha sonra vətəndaşlar ümumi problemlərlə bağlı Rayon İcra Hakimiyyəti başçısına müraciət etdilər.
Müraciətlər dinlənildikdən sonra sakinlərə müvafiq izah verilərək qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyəti tapşırıqlar verildi.
Sonda rayon sakinləri mütəmadi olaraq keçirilən görüşlərin əhali tərəfindən çox müsbət qarşılandığını, bu görüşlərin mövcud problemlərin həllində böyük əhəmiyyət daşıdığını vurğulayaraq, dövlət tərəfindən əhaliyə göstərilən diqqət və qayğıya görə Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənova öz minnətdarlıqlarını bildirdilər.