Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov sakinlərin müraciətlərini yerində dinlədi
Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun növbəti səyyar qəbulu mart ayının 18-də İcra Hakimiyyətinin məsul əməkdaşlarının, inzibati ərazi dairəsi üzrə nümayəndələrin iştirakı ilə Sumqayıt şəhəri, 42-ci məhəllə 29 nömrəli tam orta məktəbin akt zalında keçirildi.
Rayon İcra Hakimiyyətinin başçısı cənab prezidentin tapşırıq və tövsiyələri əsasında respublikamızda həyat keçirilən sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər, azad olunmuş Zəngilan rayonunda aparılan quruculuq-bərpa işləri barədə vətəndaşlara ətraflı məlumatlar verərək bildirdi ki, mərhələli şəkildə köç prosesi davam edir və rayonumuzda tam təminatlı müasir evlər sakinlərin istifadəsinə verilir.
Daha sonra rayon rəhbəri vətəndaşların müraciətlərini fərdi qaydada dinlədi. Səyyar qəbul zamanı müraciətlərin bir hissəsi yerindəcə həll olundu, icrası mümkün olmayan məsələlərlə bağlı isə müvafiq araşdırmaların aparılması və qanunvericiliyin tələblərinə uyğun şəkildə operativ tədbirlərin görülməsi üçün aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verildi.
Görüşdə iştirak edən sakinlər rayonda həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa işlərini yüksək dəyərləndirərək ölkə rəhbərinə, eləcə də vətəndaş müraciətlərinə çevik və həssas münasibətə görə rayon rəhbərliyinə təşəkkürlərini bildirdilər.







