Zəngilan Rayon Ağsaqqallar Şurasının V konfransı keçirildi.
09 iyul 2026-cı il tarixdə Zəngilan Rayon İcra Hakimiyyətinin inzibati binasının akt zalında Zəngilan Rayon Ağsaqqallar Şurasının V konfransı keçirildi.
İlk olaraq tədbir iştirakçıları Zəngilan Rayon İcra Hakimiyyətinin inzibati binasının foyesində ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad etdilər.
Respublika Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun, Zəngilan Rayon İcra Hakimiyyətinin başçısının müavini Nizami Mönsümovun, RİH başçısı aparatının işçilərinin, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin və rayon ağsaqqallarının iştirak etdiyi tədbir Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların və ötən dövr ərzində dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra açıq elan edildi.
RİH başçısının müavini Nizami Mönsümov Rayon Ağsaqqallar Şurasının son ildəki fəaliyyəti barədə danışdı. Azərbaycanın milli-mənəvi dəyərləri sayılan ağsaqqallara sağlam ömür və gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Rayon Ağsaqqallar Şurasının sədri Xuduş İsgəndərov hesabat dövründə görülmüş işlər haqqında məruzə etdikdən sonra tədbir məruzə ətrafında çıxışlarla davam etdi. Çıxış edənlər rayonumuzun mədəni-ictimai həyatında, gənc nəslin formalaşmasında ağsaqqallarımızın xüsusi rolundan bəhs etdilər.
Respublika Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov yekun nitqi ilə çıxış edərək ağsaqqal hərəkatının tarixindən, respublikamızda ağsaqqallara göstərilən dövlət qayğısından danışdı.
Konfransın sonunda Rayon Ağsaqqallar Şurasının fəaliyyətinə “qənaətbəxş” qiymət verildi.







