Şəhid Qəfərli Amin Rasim oğlunun il mərasimi keçirildi.
15 sentyabr 2023-cü il tarixdə Vətən uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan əsgər Qəfərli Amin Rasim oğlunun il mərasimi keçirildi. İlk olaraq Zəngilan rayon İcra Hakimiyyətinin başçısı, şəhidin ailə üzvləri, YAP Zəngilan rayon Təşkilatının sədri, idarə müdirləri, rayon ictimaiyyətinin nümayəndələri II Fəxri Xiyabanda şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra şəhidimizin eləcə də orada uyuyan, Zəngilan rayonundan olan şəhidlərimizin məzarları ziyarət olundu, onların ruhuna dualar oxundu və məzarları üzərinə gül dəstələri düzüldü. Qeyd edək ki, Zəngilan rayonu Zərnəli kənd sakini Qəfərli Amin Rasim oğlu sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatın qarşısı alınarkən şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 05 noyabr 2022-ci il tarixli Sərəncamına əsasən Amin Qəfərli ölümündən sonra "Vətən uğrunda" medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə”medalı ilə təltif edilib.
Sonda Biləcəri qəsəbəsində yerləşən “İnam” mərasim evində şəhidin il mərasimi ilə əlaqədar ehsan verildi.