“Sağlam gələcək naminə narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirildi.
17 iyul 2026-cı il tarixində Zəngilan Rayon İcra Hakimiyyəti və Şərqi Zəngəzur Regional Gənclər və İdman idarəsi, Şərqi Zəngəzur Regional Təhsil idarəsi, Zəngilan rayon Polis şöbəsinin birgə təşkilatçılığı ilə Sumqayıt şəhərində yerləşən rayon 15 nömrəli tam orta məktəbdə “Sağlam gələcək naminə narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirildi.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyəti başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Gülnarə Orucova, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşı, polis leytenantı Eldəniz Abdullayev, Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin Gənclərlə iş sektorunun aparıcı məsləhətçisi Türkan Həsənova, Medilaz klinikasının psixoloqu Vəfa Mirzəbəyli, Sumqayıt şəhər Narkoloji Dispanserin klinik psixoloqu Nihad Zərbəlizadə çıxış edərək narkomaniya, digər zərərli vərdişlər, onların yaratdığı fəsadlar, psixoloji problemlər və narkomaniyaya qarşı mübarizə istiqamətində görülən işlər barədə ətraflı məlumat veriblər.
Şagirdləri narkomaniya, psixotrop maddələrin yaratdığı problem və fəsadlar mövzusunda maarifləndirmək və onlar arasında sağlam həyat tərzini təbliğ etmək məqsədilə keçirilmiş tədbirdə, həmçinin, məktəb direktorları, uşaq birliyi rəhbərləri, psixoloqlar, yuxarı sinif şagirdləri də iştirak etdilər.
Tədbirdə çıxış edən natiqlər dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün təhlükələrdən, eləcə də narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən ətraflı məlumat verdilər.
Narkomaniyanın fəsadlarından bəhs edən videoçarx iştirakçılara nümayiş etdirildikdən sonra gəncləri maraqlandıran suallar cavablandırıldı.







