Rayon sakinlərilə növbəti səyyar görüş Suraxanı rayonunda təşkil olundu.
Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun sakinlərlə növbəti səyyar qəbulu 13 avqust 2026-cı il tarixdə Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Ramid Abidov adına 85 №-li tam orta məktəbin akt zalında İcra Hakimiyyətin məsul əməkdaşlarının, inzibati ərazi dairəsi üzrə nümayəndələrin iştirakı ilə keçirildi.
Rayon İcra Hakimiyyətinin başçısı cənab prezidentin tapşırıq və tövsiyələri əsasında respublikamızda həyata keçirilən sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər, azad olunmuş ərazilərdə aparılan quruculuq-bərpa işləri barədə vətəndaşlara ətraflı məlumatlar verərək bildirdi ki, mərhələli şəkildə köç prosesi və Zəngilan rayonunda sakinlərin istifadəsinə verilməsi üçün tam təminatlı müasir evlərin tikintisi davam edir.
Səyyar qəbul zamanı müraciətlərin bir hissəsi yerindəcə həll olundu, icrası mümkün olmayan məsələlərlə bağlı isə müvafiq araşdırmaların aparılması və qanunvericiliyin tələblərinə uyğun şəkildə operativ tədbirlərin görülməsi üçün aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verildi.







