Rayon rəhbəri sakinlərin müraciətlərini yerində dinlədi
Zəngilan rayon sakinlərinin müraciətlərinə operativ baxılması və vətəndaşlarla birbaşa ünsiyyətin gücləndirilməsi məqsədilə növbəti səyyar qəbul mart ayının 10-da təşkil olundu. Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun iştirakı ilə keçirilən qəbul Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 300 nömrəli tam orta məktəbin akt zalında keçirildi. Görüşdə Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndələr də iştirak etdilər.
Rayon İcra Hakimiyyətinin başçısı cənab prezidentin tapşırıq və tövsiyələri əsasında respublikamızda həyat keçirilən sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər, azad olunmuş Zəngilan rayonunda aparılan quruculuq-bərpa işləri barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Bildirdi ki, mərhələli şəkildə köç prosesi davam edir və rayonumzda tam təminatlı müasir evlər sakinlərin istifadəsinə verilir.
Daha sonra rayon rəhbəri vətəndaşların müraciətlərini fərdi qaydada dinlədi. Səyyar qəbul zamanı müraciətlərin bir hissəsi yerindəcə həll olundu, icrası mümkün olmayan məsələlərlə bağlı isə müvafiq araşdırmaların aparılması və qanunvericiliyin tələblərinə uyğun şəkildə operativ tədbirlərin görülməsi üçün aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verildi.
Görüşdə iştirak edən sakinlər rayonda həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa işlərini yüksək dəyərləndirərək ölkə rəhbərinə, eləcə də vətəndaş müraciətlərinə çevik və həssas münasibətə görə rayon rəhbərliyinə təşəkkürlərini bildirdilər.







