Rayon rəhbəri Ramiz Həsənov sakinlərlə görüşdü, müraciətləri dinlədi
Ölkə rəhbəri cənab prezidentin tapşırığına əsasən rayon rəhbəri tərəfindən sakinlərlə birbaşa təmasın gücləndirilməsi, onların müraciətlərinə həssas yanaşmanın təmin olunması və mövcud problemlərin yerində öyrənilməsi məqsədilə səyyar qəbullar davamlı olaraq təşkil edilir. Bu görüşlər vətəndaş məmnunluğunun artırılması və sosial məsələlərin daha çevik həllinə xidmət edir.
Zəngilan Rayon İcra Hakimiyyəti başçısı Ramiz Həsənovun növbəti səyyar qəbulu Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən 311 nömrəli tam orta məktəbin akt zalında keçirildi. Səyyar görüşdə icra başçısının müavinləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, rayonun idarə və müəssisə rəhbərləri və rayon sakinləri iştirak etdilər.
Rayon İcra Hakimiyyətinin başçısı cənab prezidentin tapşırıq və tövsiyələri əsasında respublikamızda həyat keçirilən sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər, azad olunmuş Zəngilan rayonunda aparılan quruculuq-bərpa işləri barədə vətəndaşlara ətraflı məlumatlar verdi.
Səyyar qəbul zamanı vətəndaşlar fərdi qaydada dinlənildi, müraciətlər yerində araşdırılaraq müsbət həllini tapdı. Əlavə araşdırma tələb edən məsələlər isə qeydiyyata alınaraq nəzarətə götürüldü və aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verildi.







