Rayon İcra Hakimiyyəti başçısının əhali ilə səyyar görüşləri davam edir
Səyyar qəbul qrafikinə əsasən Zəngilan rayon İcra Hakimiyyəti baçısının növbəti qəbulu 26 may tarixində Nərimanov rayonu ərazisində məskunlaşan zəngilanlı sakinlərlə keçirildi. Qəbulda RİH-in məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, idarə, təşkilat rəhbərləri iştirak etdi.
RİH başçısı Ramiz Həsənov çıxış edərək bildirdi ki, son iki il ərzində pandemiya ilə əlaqədar xüsusi karantin rejimi qaydalarına uyğun olaraq yerlərdə təşkil olunan görüşlərə, qəbullara fasilə verilsə də, bu müddət ərzində sakinlərin istək və tələbləri nəzərə alınaraq fərdi qaydada qəbullar keçirilmiş, problemlərinin həlli istiqamətində müvafiq addımlar atılmışdır. Cənab Prezidentin ölkənin xarici siyasətində göstərdiyi qətiyyətli mövqeyindən, apardığı uğurlu siyasət nəticəsində respublikamızın qazandığı uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışan rayon rəhbəri sonda vətəndaşların müraciətlərini dinlədi.
Vətəndaşlar ölkə rəhbərinə minnətdarlığını bildirərək onları narahat edən məsələlərin aradan qaldırılmasında köməklik göstərilməsini xahiş etdilər. Vətəndaşlar tərəfindən qaldırılan məsələlər qeydiyyata alınaraq həlli istiqamətində yerində aidiyyəti üzrə müvafiq tapşırıqlar verildi.