Rayon İcra Hakimiyyəti başçısı Ramiz Həsənov sakinlərin müraciətlərini yerində dinlədi
Zəngilan rayonunun sakinlərilə birbaşa ünsiyyətin genişləndirilməsi məqsədilə növbəti səyyar qəbul Abşeron rayonu, Saray qəsəbəsində yerləşən A.Müzəffərov adına 2 nömrəli tam orta məktəbin akt zalında təşkil olundu. Zəngilan Rayon İcra Hakimiyəti başçısı Ramiz Həsənovun iştirakı ilə keçirilən görüşdə rayon rəhbərliyi ilə yanaşı, müvafiq idarə və təşkilatların nümayəndələri, inzibati ərazi dairəsi üzrə nümayəndələr də iştirak etdilər.
Rayon İcra Hakimiyyətinin başçısı cənab prezident İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında respublikamızda həyat keçirilən sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər, azad olunmuş Zəngilan rayonunda aparılan quruculuq-bərpa işləri barədə vətəndaşlara ətraflı məlumatlar verdi.
Ramiz Həsənov bildirdi ki, RİH tərəfindən sakinlərlə birbaşa təmasın gücləndirilməsi, onların müraciətlərinə həssas yanaşmanın təmin olunması və mövcud problemlərin yerində öyrənilməsi məqsədilə səyyar qəbullar davamlı olaraq təşkil edilir. Bu görüşlər vətəndaş məmnunluğunun artırılması və sakiləri narahat edən sosial məsələlərin daha çevik həllinə xidmət edir.
Daha sonra vətəndaşlar rayon rəhbəri tərəfindən fərdi qaydada dinlənildi. Əsasən sosial məsələlər, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq ilə bağlı müxtəlif müraciətlər yerində araşdırılaraq müsbət həllini tapdı. Əlavə araşdırma tələb edən məsələlər isə qeydiyyata alınaraq nəzarətə götürülərək aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verildi.







