Şriftin ölçüsü :

Saytın rəngi :

Ramiz Həsənovun növbəti səyyar qəbulu Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində keçirildi

17 noyabr 2026 | 17:51

 

Noyabrın 17-də Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun növbəti səyyar qəbulu keçirildi. Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən Qubadlı rayonu Əliyar Əliyev adına Qəzyan kənd tam orta məktəbinin binasında baş tutan görüşdə İcra Hakimiyyətinin məsul əməkdaşları və inzibati ərazi dairələri üzrə nümayəndələr iştirak etdilər.

Görüş zamanı Rayon İcra Hakimiyyətinin başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələrinə uyğun olaraq respublikamızda həyata keçirilən sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəldilməsi və işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq-bərpa işləri barədə sakinlərə ətraflı məlumat verdi. Qeyd olundu ki, Böyük Qayıdış proqramı çərçivəsində Zəngilan rayonuna mərhələli şəkildə köç prosesi, eləcə də sakinlərin istifadəsinə veriləcək tam təminatlı müasir yaşayış evlərinin tikintisi sürətlə davam etdirilir.

Səyyar qəbulda vətəndaşların müraciət və təklifləri dinlənildi. Qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapdı. Araşdırılması vacib olan digər müraciətlərin qanunvericiliyin tələblərinə uyğun olaraq operativ şəkildə həll edilməsi məqsədilə aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verildi.

Sonda sakinlər azad olunmuş ərazilərdə aparılan bərpa işlərini yüksək qiymətləndirərək ölkə başçısına, həmçinin müraciətlərinə göstərilən çevik və həssas münasibətə görə rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər.

Keçidlər