Şriftin ölçüsü :

Saytın rəngi :

Narkomaniya ilə necə mübarizə aparılmalıdır.

07 iyul 2023 | 15:27

İctimai varlıq olan insanın ətraf mühitlə uyğunlaşması ağıl və zehin sağlamlığı ilə mümkündür. Bu səbəblə əqli və zehni həyatın ən böyük düşməni olan narkotiklər insanın uyğunlaşma gücünü zəifliyə və iflasa aparmaqla, onu ailədən, cəmiyyətdən və ətrafından qopararaq təkliyə, böhrana və dərhal ardından da məsuliyyətsiz, heyvani bir həyata məhkum edir.

Bəşəriyyət əsrdən-əsrə keçdikcə özü ilə yeni dövrə zaman-zaman topladığı elmi nailiyyətlər, ixtiralar, minilliklərin çətin sınaqlarından çıxmış adət-ənənələr, qiymətli sənət abidələri ilə yanaşı, strateji əhəmiyyət kəsb edən həlli vacib olan neçə-neçə qlobal problemlər də gətirməkdədir. Cəmiyyət və insanlıq üçün çox önəmli olan həmin problemlərin araşdırılmasına sanki gələcək nəsillər məhkum ediliblər.

Məhz həmin qəbildən olan, get-gedə mühümləşən problemlərdən biri də narkotizm, onun cəmiyyətdəki təzahürləri, yəni dünyada baş alıb gedən narkotik cinayətləri törədən səbəblər və onlara qarşı mübarizə cəmiyyəti dərindən düşünməyə vadar edən ən zəruri məsələlərdəndir. Çünki problemin mahiyyəti o qədər mürəkkəbdir ki, onu sadə bir yolla həll etmək çətin və müşkül məsələ olduğundan istər-istəməz müxtəlif yolların, üsulların yaranması, yeni mübarizə metodlarının tapılıb təqib olunması zərurətini daha da aktuallaşdırır. Narkotizm cəmiyyətin bəzi həyat fəaliyyəti sahələrini-maddi istehsaldan başlamış sosial-siyasi fəaliyyətə, ailə-məişətdən, mədəni-mənəvi həyatdan başlamış fərdi fəaliyyət dairələrinin müəyyən istiqamətlərini əhatə edir. Ona görə də müasir dövrün hər hansı hadisə və prosesləri təhlil olunarkən düzgün elmi-nəzəri və praktik nəticələrə gəlmək üçün əvvəlcə həmin hadisə və prosesin ictimai münasibətlər sistemində yeri, həmin münasibətlərlə qarşılıqlı əlaqələrin müəyyənləşdirilməsi hökmən ön plana çəkilməli, buradakı qarşılıqlı əlaqələrin xüsusiyyətləri mütləq nəzərə alınmalıdır.

Qeyd etmək lazımdır ki, narkotizm və narkotik cinayətkarlıqla bağlı indiyə kimi çoxsaylı araşdırmalar aparılmış, bu tipli cinayətlərin genezisi, mahiyyətinin öyrənilməsi yönümündə hüquq elmində xeyli müvəffəqiyyət əldə edilmişdir. Lakin bunlara baxmayaraq, narkotizmin cəmiyyətdə yeni təzahürləri meydana çıxır, mahiyyətcə və məzmunca oxşar olan narkotik cinayətkarlıqlar forma cəhətdən fərqli şəkildə özünü büruzə verir. Görünür, bu elə bir qlobal problemdir ki, onu yalnız vahid xətt üzrə araşdırmaqla məqsədə nail olmaq mümkün deyil. Yəni, narkotizmin cəmiyyətdəki təzahürləri gah xəstəliklərin təbiətinə görə narkotik maddələrin qəbulu, yaxud onun əsirinə çevrilmiş fərdlərin narkomaniyaya tutulmuş formasında, gah da narkobiznes, narkotik vasitələrin, psixotop maddələrin və prekursorların qanunsuz dövriyyəsi, qaçaqmalçılıq, dünya ölkələrinin bəzilərində həmin vasitələrin narkotik maddə sayılmayaraq əkilib-biçilməsinə, istehsalına qadağa qoyulmaması, digərlərindəsə onların qadağan olunması və s. hallarda zühur etməsi məsələlərin araşdırılmasının mürəkkəbliyini aydın göstərir. Məhz həmin baxımdan narkotizmin cəmiyyətdəki təzahürlərinin səbəblərinin tam şəkildə öyrənilməsi və onlara qarşı mübarizənin effektliyinə nail olmaqdan ötrü kompleks dövlət strategiyasının hazırlanması onun həyata keçirilməsi zərurəti yaranır.

1996-cı ildə Ümummilli liderimiz Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin fərmanı ilə ölkəmizdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmışdır. Ölkə başçısının 15.06.2000-ci ildə imzaladığı fərmanla isə «Narkotik vasitələrin, psixiator maddələrin və prekusorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram» təsdiq olunmuşdur.

Bu mühüm sənəd mükəmməl qanunvericilik bazasının hazırlanmasına və bəşəri bəlaya qarşı mübarizə tədbirlərinin stimullaşmasına xidmət etmişdir. 2001-ci ildə isə Milli Məclis tərəfindən «Narkoloji xidmət və nəzarət haqqında» Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur. Bu qanunda narkoloji xəstəliklərin və onların doğurduğu mənfi tibbi və sosial nəticələrin qarşısını almaq məqsədilə narkoloji xidmət və nəzarət sahəsində həyata keçirilən tədbirlər müəyyən edilmişdir. Hazırda narkoloji sağlamlığın, insan hüquqlarının təmin edilməsi məqsədilə həyata keçirilən tibbi, inzibati, sosial və xəbərdaredici tədbirlərin məcmusu olan narkoloji nəzarətin tənzimlənməsi sahəsində xeyli önəmli işlər görülməkdədir.

Məhz sadalanan amillərin strateji mahiyyəti Azərbaycan prezidenti İlham Əliyevin “Narkotiklərə nəzarət üzrə regional əməkdaşlığa dair anlaşma Memorandumu”nun üzv Tərəflərinin Beşinci görüşünün iştirakçılarına göndərdiyi müraciətdə də aydın görünür.

Bütün bunları nəzərə alan və bəşəriyyətin gələcəyini düşünən bəzi dünya dövlətləri XX yüzilliyin əvvəllərindən başlayaraq bu müdhiş bəlaya qarşı mübarizənin getdikcə qloballaşacağını hiss edərək bir sıra regional birliklər yaratmaqla ağ ölüm təhlükəsini səngitməyə çalışmışlar. Lakin belə cəhdlər də həmin prosesin qarşısını ala bilməmişdir. Narkotizmin sərhədləri genişləndikcə ona qarşı mübarizə bir qrup dövlətin problemi çərçivəsindən beynəlxalq səviyyəyə qalxmışdır. Vəziyyətin belə bir kritik həddə çatması bəşəri problem kimi nəhayət Birləşmiş Millətlər Təşkilatının pritoritet məsələlərindən biri kimi gündəmə gəlmişdir. Nəticədə BMT “Narkotik vasitələr haqqında 1967-ci il Konvensiyası”nı, “Psixiator maddələr haqqında 1971-ci il Konvensiyası”nı və 1988-ci ildə isə “Narkotik vasitələrin və psixiator maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında Konvensiya” qəbul etdi.

Müstəqil Azərbaycan dövləti də düyanın ümumbəşəri dəyərlərinə daima hörmət bəsləyən sivill bir dövlət kimi BMT-nin narkotiklər haqqında konvensiyalarının tələblərinə uyğun olaraq bu məsələləri milli qanunvericiliyə uyğun şəkildə özünün cinayət-prosessual qanunvericiliyində təsbit etmişdir.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra dövlət quruculuğu, siyasi, iqtisadi, sosial və başqa sahələrdə gedən inkişaf və aparılan islahatlar narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə problemlərinin həlli üçün cəmiyyətin, dövlətin və qeyri-hökumət təşkilatlarının səylərinin birləşdirilməsini, beynəlxalq əlaqələrin genişləndirilməsini və kompleks mübarizəni zəruri etmişdir.

Azərbaycan Respublikası Prezidentinin "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi barədə imzaladığı 22.07.2019-cu il tarixli, 1334 nömrəli  sərəncamı insanları sağalmaz xəstəliklərə düçar edən bu dəhşətli bəlaya qarşı mübarizə sahəsində atılmış ən xeyirxah addım kimi dəyərləndirmək gərəkdir. Sərəncamda bəşəriyyətin bu dəhşətli bəlasına qarşı ayrı-ayrı dövlət strukturlarının, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin, hüquq- mühafizə orqanlarının, təhsil və səhiyyə sisteminin birgə mübarizə aparması, onun qismən də olsa yayılmasının və kütləvi hal almasının qarşısının qətiyyətlə alınması təxirəsalınmaz bir vəzifə kimi qarşıya qoyulub. Məktəblilər və yeniyetmələr arasında cinayətkarlığın, mənfi meyilli amillərin qarşısını almaq məqsədilə ümumtəhsil məktəblərində təşkil olunan tədbirlərdə, dəyirmi masalarda narkomaniyanın bəşəriyyət üçün böyük faciə olduğunu özündə əks etdirən mövzular ətrafında fikir mübadiləsi, orta məktəblərdə inşa yazı və rəsm müsabiqələri təşkil olunmalı, gənclərin bu təhlükəli cinayətlə bağlı fikir və mülahizələri öyrənilməlidir. Keçirilən tədbirlər üçün seçilən mövzular da olduqca önəmlidir. Çağırış xarakterli mövzular narkomaniyanın bir bəla olduğunu gənclərə daha əsaslı şəkildə çatdırmağa stimul verir. Ən əsası bu tədbirlər hüquq mühafizə orqanları tərəfindən təşkil olunmaqla və kütləvi informasiya vasitələrində işıqlandırılmaqla əhəmiyyətini daha da artırmış olur. Hər bir tədbirdə adları çəkilən qurumların təmsilçilərinin iştirakı, üzərilərinə düşən vəzifələrdən geniş bəhs etmələri və konkret nəticələri ortaya qoymaları növbəti tədbirlərin istiqamətini və əhatə dairəsini daha da genişləndirməyi bir növ tələbə çevirir. Göründüyü kimi Azərbaycan Respublikası narkotiklərlə mübarizənin strateji mahiyyət daşımasının məsuliyyətini lazımınca qiymətləndirir və bütün dünyada qlobal təhlükə mənbəyi sayılan bu problemin müsbət həllini beynəlxalq hüquq normalarına uyğun həyata keçirir. İnanırıq ki, cənab prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da həmin problem özünün müvəffəqiyyətli həllini tapacaq.

 

Teyyub Rəfiyev,

Zəngilan rayon prokurorunun köməkçisi, III dərəcəli hüquqşünas

 

 

Keçidlər