Şriftin ölçüsü :

Saytın rəngi :

Korrupsiya nədir ?

06 aprel 2023 | 12:10

Korrupsiya, hər hansı dövlət orqanında səlahiyyətli şəxs və ya şəxslərin qanunun maddə və alt maddələrində kiçik dəyişikliklər həyata keçirərək irimiqyaslı cinayətkarlara, cinayət əməllərinə ortaq olmalarıdır. Korrupsiya pul ilə və ya digər maraqlarla əlaqədar ola bilər, lakin bilavasitə pul vasitəsiylə həyata keçirilmir. Birbaşa pul vasitəsiylə maraqların qarşılanması, müəyyən məsələlərin “qısa” yolla həllinin həyata keçirildiyi anlayış rüşvətdir. Korrupsiya hər hansı imtiyaz və ya statusdan istifadə nəticəsində həyata keçirilən cinayətdir. Korrupsiyanı həcminə və əhatə etdiyi sahələrə görə bir neçə növə ayırırlar. İri korrupsiya, məişət korrupsiyası, siyasi korrupsiya və biznes korrupsiyası qeyd edə biləcəyimiz əsas növlərdəndir.

İri korrupsiya yüksək vəzifəli şəxslərin səlahiyyətlərinin sui-istifadəsidir. Bu halda hökumətdə yüksək vəzifə tutan kiçik qruplar əhalinin hesabına zənginləşir. Nəticədə isə həm fərdlərə, həm də bütövlükdə cəmiyyətə ciddi zərər dəyir.

Məişət korrupsiyası məmurların vətəndaşlarla gündəlik ünsiyyəti zamanı müşahidə edilən korrupsiya növüdür. Bu halda səhiyyə, təhsil və digər ictimai xidmətlərin təqdim edilməsinə görə rüşvət alınır. Müəllimin yaxşı qiymət üçün tələbədən rüşvət istəməsi də məişət korrupsiyası növlərindən biridir.

Siyasi korrupsiya hökumət siyasətinin, qərarların və qanunların manipulasiyasını nəzərdə tutur. Bu yolla səlahiyyətli şəxslər atdıqları addımlarla vəzifələrini, statuslarını və ya sərvətlərini ya qoruyur, ya da artırırlar.

Biznes korrupsiyası isə özəl sektorda şirkətlərin bir-biri ilə iş münasibətləri zamanı müşahidə edilir. Məsələn, böyük bir şirkət hansısa bir işin görülməsi üçün müsabiqə elan edir. Müsabiqənin qalibini isə rəqabət deyil, şəxsi əlaqələr və ya kimin “otkat” ödəməyə razı olub-olmadığı müəyyən edir.

Korrupsiya yalnız mənəvi və hüquqi cəhətdən yanlış olan şey deyil. O, həm də iqtisadi inkişafın qarşısında duran ciddi maneədir. Ölkələr şəffaflığı təmin etməklə adi insanları biznesə həvəsləndirir, həmin ölkə həm daxili, həm də xarici investorlar üçün cəlbedici olur.

Şəffaf olmayan ölkələrdə isə səhiyyə və təhsil kimi vacib sahələrə ayrılan vəsait təyinatı üzrə yox, məmur və onların biznes əlaqələrinin mənfəətinə uyğun xərclənir. Nəticədə büdcənin əhəmiyyətli hissəsi insanların ehtiyac duyduqları istiqamətlərə sərf edilmir. Müəllimlər, həkimlər, işçilər, hər kəs bundan əziyyət çəkir.

Korrupsiya qlobal problemdir. Gördüyünüz kimi, müxtəlif həcmdə və müxtəlif növdə olur. Məhz buna görə də həm aparıcı beynəlxalq təşkilatlar, həm də dövlətlər üçün korrupsiya ilə mübarizə prioritetdir.

Ölkəmizdə bu kimi halların qarşısının alınması üçün yaradılan orqan “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya”-dır. Bu Komissiya Azərbaycan Respublikası Qanununun 4.2-ci maddəsinə əsasən yaradılmışdır və korrupsiyanın qarşısının alınması üçün ixtisaslaşmış orqan kimi fəaliyyət göstərmək xarakteri daşıyaraq müvafiq funksiyaları yerinə yetirir. Komissiya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını və digər normativ aktlarını rəhbər tutur.

 

 

 

Keçidlər