“Konstitusiya və Suverenlik İli” çərçivəsində 26 iyun- “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” nə həsr edilmiş tədbir keçirildi.
25 iyun 2025-ci il tarixdə Zəngilan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Abşeron rayonu, Masazır qəsəbəsində salınmış köçkün şəhərciyində fəaliyyət göstərən Zəngilan Mədəniyyət evində 26 iyun- “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” çərçivəsində “Gəlin, həmrəy olaq və narkomaniyaya qarşı birlikdə mübarizə aparaq” adlı tədbir keçirildi.
Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon Komisiyyasının sədri Nizami Mönsümov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin məsul əməkdaşları, Yeni Azərbaycan Partiyası Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, Ədliyyə Nazirliyinin Baş Narkoloqu Fərman Fərmanov, Respublika Narkoloji Mərkəzinin Psixoloqu Ramin Allahverdiyev, rayon hüquq-mühafizə orqanlarının məsul əməkdaşları, Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın ailələr və uşaqlarla iş üzrə məsləhətçi psixoloqu, Şərqi Zəngəzur Regional Mədəniyyət və Şərqi Zəngəzur Regional Gənclər və İdman idarəsinin məsul əməkdaşları, rayonun ümumtəhsil məktəblərinin psixoloqları və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında yaradılan Uşaq Səfirlər Məclisinin nümayəndələri iştirak etdilər.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı, müstəqilliyi və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən və Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsindən sonra açıq elan edildi.
Tədbirin keçirilməsində məqsəd şagirdləri narkomaniya və psixotrop maddələrin yaratdığı problem və fəsadlar mövzusunda maarifləndirmək və onlar arasında sağlam həyat tərzini təbliğ etmək olub.
Tədbirdə çıxış edən natiqlər dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün təhlükələrdən, eləcə də narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılar mübarizədən ətraflı məlumat verdilər.
Sonda narkomaniyanın fəsadlarından bəhs edən film nümayiş etdirildi.







