“İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirildi.
Hər il olduğu kimi, 09 iyun 2026-cı il tarixində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü və Zəngilan rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun 26 nömrəli tam orta məktəbinin akt zalında “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirildi.
Tədbirdə Zəngilan RİH başçısı aparatının Hüquq və kadr məsələləri sektorunda məsləhətçi Aidə Məmmədova, Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Gülnarə Orucova, Ərazi-təşkilat məsələləri sektorunda böyük məsləhətçi Şəhla İmanzadə, Zəngilan rayon 26 nömrəli tam orta məktəbinin direktoru Novruz Sayılov, Rayonun ümumtəhsil məktəblərində təhsil alan yuxarı sinif şagirdləri, psixoloqları və uşaq birliyi rəhbərləri iştirak etdilər.
Tədbirdə Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Dövlət Himni səsləndirildi.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısı aparatında Ərazi-təşkilat məsələləri sektorunda böyük məsləhətçi Şəhla İmanzadə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2007-ci ildə hər il iyun ayının 18-nin İnsan Hüquqları Günü kimi qeyd edilməsinə dair Sərəncam imzalandığı və həmin tarixdən bu günədək insan hüquqları sahəsində görülən işlər barədə geniş məlumat verdi. Həmçinin qeyd edildi ki, Prezident cənab İlham Əliyevin 2006-cı il dekabrın 28-də imzaladığı “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncamına uyğun olaraq hər il Zəngilan rayon İcra Hakimiyyəti tərəfindən müxtəlif tədbirlər keçirilmişdir.
Zəngilan RİH başçısı aparatının Hüquq və kadr məsələləri sektorunda məsləhətçi Aidə Məmmədova İnsan hüquqlarının müdafiəsi mövzusunda məruzə ilə geniş məzmunlu çıxış etmişdir.
Daha sonra insan hüquqları və qanuni mənafelərinin qorunması istiqamətində dövlət səviyyəsində görülmüş məqsədyönlü işlərə toxunuldu. Çıxış edənlər vurğuladı ki, “İnsan Hüquqları Aylığı” çərçivəsində təşkil olunan tədbirlər ölkəmizdə insan hüquqlarının təbliğində, eləcə də əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsində və onların problemlərinin həllində önəmli rol oynayır. Sonda mövzu ətrafında fikir mübadiləsi aparılaraq tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.







