İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşdü
Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb, onlara mənzillərin açarlarını təqdim etdi.
Dövlətimizin başçısı görüşdə çıxış edərək uzun fasilədən sonra doğma vətənə - Zəngilan şəhərinə qayıdan rayon sakinlərini bu münasibətlə ürəkdən təbrik etdi. Bildirdi ki, məhz Ulu Öndər Heydər Əliyevin doğum günündə bu görüşün keçirilməsi rəmzi məna daşıyır. Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu doğma torpaqlarımızın işğaldan azad olunması idi. Biz - onun davamçıları onun vəsiyyətini yerinə yetirdik. Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur. İşğalçıları torpaqlarımızdan qovaraq öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik.
Bu gün dünyada bizə olan hörmətin bir çox səbəbləri var: həm qalib xalq kimi, həm müharibəni müharibə qanunlarına uyğun aparan xalq kimi, həm humanitar qaydalara riayət edən xalq kimi və qurub-yaradan xalq kimi. hər şey planlı şəkildə aparılır. Biz çalışırıq ki, tezliklə keçmiş köçkünləri öz doğma vətənlərinə qaytaraq. Amma, eyni zamanda, hər şey elə qurulmalıdır ki, azad edilmiş ərazilər nəinki Azərbaycanda, dünyada nümunəvi olsun və bu da olacaq.
Sonra açarların təqdim edilməsi mərasimi oldu. Cənab prezident sakinlərə mənzillərin açarlarını təqdim etdi.
Daha sonra dövlətimizin başçısı sakinlərlə söhbət etdi və xatirə şəkilləri çəkdirildi.







