İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak ediblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak ediblər.
Dövlətimizin başçısı və birinci xanım əvvəlcə Ağalı Kənd meydanında yaradılan otuz ilə yaxın müddətdə işğal altında qalmış əzəli torpaqlarımızda sülhün əbədi təmin olunmasını təcəssüm etdirən göyərçin abidə-fəvvarə kompleksi ilə tanış olublar. Sonra kənd meydanında yaradılmış Dövlət Xidmətləri Mərkəzi ilə tanış olublar. Bildirilib ki, burada “Azərpoçt” MMC-nin rayon şöbəsi, “ASAN xidmət” mərkəzi, DOST mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Mərkəzi fəaliyyət göstərəcək. Bunlardan məqsəd kənd sakinlərinin dövlət xidmətlərinə rahat çıxışı təmin etməkdir. Məsələn, kənd sakinlərinin “ASAN” və ya “DOST” xidmətlərinə müraciət üçün rayon mərkəzinə getmələrinə ehtiyac qalmayacaq. Bu mərkəzlərdə kənd sakinlərinə sosial təminat və məşğulluq sahəsində 100-dən çox xidmət onlayn formada göstəriləcək. Vətəndaş birbaşa videobağlantı ilə “DOST” mərkəzlərinin sosial agentinə müraciət edəcək və müraciəti yerindəcə həll olunacaq.
Kənd ağıllı idarəetmə mərkəzi (situasiya mərkəzi) ilə tanışlıq zamanı SİNAM şirkətinin rəhbəri Elçin Əliyev Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verdi ki, “Ağıllı kənd” üçün “ağıllı həllər” də nəzərdə tutulub. Bundan əsas məqsəd istismar xərclərinin azalmasından, yaşayış səviyyəsinin isə yüksəldilməsindən ibarətdir. Əsas məsələ yüksək sürətli internetdir. Ağalı kəndindəki internetin sürəti ölkə üzrə orta sürətdən dəfələrlə artıqdır.
Ağalı kəndində müasir şəhərsalma standartları tətbiq olunub. Küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, günəş panellərinin quraşdırılması kimi amillər bu konsepsiyanın tərkib hissələridir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “golf car”la kəndin ərazisini gəzdilər.
Dövlətimizin başçısı və birinci xanım Ağalı kəndində “Kapital Bank”ın Zəngilan filialı, kənd təsərrüfatı təyinatlı laboratoriyalar, baytarlıq və bitki mühafizə idarələri və digər ictimai iaşə obyektləri, “Gillmed” tikiş fabriki, ailə sağlamlıq mərkəzi (tibb məntəqəsi), uşaq bağçası və kənd orta məktəbi ilə də tanış oldular.
Ailə sağlamlıq mərkəzində tele-tibb sisteminin təqdimatı zamanı dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, tele-tibb vasitəsilə xəstənin qanında arterial təzyiq, oksigen təchizatı, triqleserin və şəkər ölçülür, ürək ritmi, dəri örtüyü və göz bəbəyinin görüntüsü əldə edilir. Cihazlardan toplanan məlumatlar xüsusi planşetlə platformaya ötürülür, ürək, ağ ciyər, böyrək, dalaq, lor (qulaq, burun, boğaz), dermatoloji xəstəliklərin, həmçinin qalxanabənzər və mədəaltı vəzin müayinəsində istifadə edilir.
Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya kənddəki uşaq bağçasında yaradılan şərait barədə məlumat verildi. Həmçinin kənd tam orta məktəbinə baxış zamanı distant təhsil həllərinin təqdimatı keçirildi.
Məlumat verildi ki, 360 şagird yerlik ikimərtəbəli məktəb binası və birmərtəbəli 60 yerlik uşaq bağçasının binasında monolit dəmir-beton, xarici və daxili divarların hörgü işləri, kommunikasiya xətlərinin çəkilişi və damın quraşdırılması üzrə işlər tam başa çatdırılıb, daxili və xarici bəzək işləri görülür. Göründüyü kimi, “Ağıllı kənd”də müasirlik təkcə qurulan infrastrukturla məhdudlaşmır, burada təhsilə yeni yanaşmanın tətbiqi də mühüm rol oynayır.
Dövlətimizin başçısına və birinci xanıma “Ağıllı kənd” layihəsinə dair stendin təqdimatında “Ernst & Young” şirkəti ilə birgə hazırlanmış “İqtisadi səmərəliliyin təhlili”nin əsas məqamları, kəndin perspektiv inkişaf planı və kənd bazarının planı, həmçinin şəhər evi tipli üç nəfərədək ailələrin məskunlaşması üçün evlərin planı barədə məlumat verildi.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağalı kəndinin sakinləri ilə görüşdülər. Sonra xatirə şəkli çəkildi.
Görüşdən sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Aqroservis” ASC tərəfindən təqdim edilən “ağıllı kənd təsərrüfatı” texnikaları ilə tanış oldular.
Məlumat verildi ki, “Ağıllı kənd” təsərrüfatı idarəetmə sistemində ən müasir texnoloji yeniliklər tətbiq olunacaq. Belə ki, burada yaradılacaq iqlim stansiyaları bitki xəstəlikləri ilə bağlı erkən xəbərdarlıq əldə etməyə, suvarmanı planlı şəkildə aparmağa və hava məlumatını almağa imkan verəcək. Bundan başqa, burada zərərvericilərin uzaqdan izlənilməsinə və əkin ərazilərinin, araşdırma sahələrinin mövsümi olaraq yüksək keyfiyyətli fotoşəkillərini çəkə bilən sistemlər də quraşdırılacaq.
Həmçinin heç bir sahə məhdudiyyəti olmadan sərbəst hərəkət edən və ərazidə təhlil aparan skaner, əməliyyatları səmərəli şəkildə həyata keçirmək üçün süni intellekt və proqnozlaşdırıcı analizə sahib platforma, məhsulun yetişdirilməsi zamanı ortaya çıxa biləcək problemləri vaxtında aşkarlaya biləcək dron texnologiyaları da yüksək məhsuldarlığın əldə olunmasında mühüm rol oynayacaq.
Diqqətə çatdırıldı ki, Zəngilan pivot suvarma sistemləri də ən müasir texnoloji yeniliklərlə təchiz olunacaq. Burada 5 pivot sistemi quraşdırılacaq ki, bu da 157 hektar ərazinin suvarılmasına imkan verəcək.
Daha sonra dövlətimizin başçısı və birinci xanım “Arximed” tipli hidroelektrik stansiya, alternativ enerjinin istehsalı üçün süni göl və 62 nömrədən ibarət otel kompleksində aparılan işlərlə tanış oldular.
Məlumat verildi ki, süni gölün yaradılması üzrə qazma və 3-cü gil izolyasiya qatının kipləşdirilmə işləri başa çatdırılıb, 4-cü qat gil izolyasiya işləri davam edir.
Göründüyü kimi, Ağalı kəndində “Ağıllı kənd” konsepsiyasının hər üç komponenti – ağıllı dövlət idarəçiliyi, ağıllı infrastruktur və xidmətlər, eyni zamanda, ağıllı təsərrüfat və biznes mühiti yaradılıb.