İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin tikinti işləri ilə tanış olublar
Mayın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Paşa Holding” MMC-nin dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən inşa olunan Zəngilan məscidində tikinti işlərinin gedişi ilə tanış olublar.
Prezidentin köməkçisi Anar Ələkbərov görülən işlər barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.
Qeyd edək ki, Ermənistanın torpaqlarımızı işğal altında saxladığı otuz il ərzində digər ərazilərimizdə olduğu kimi, Zəngilan rayonunda da tarixi, dini, mədəniyyət abidələrimiz erməni vandalizminə məruz qalıb, dağıdılıb, təhqir edilib. İşğal dövründə Zəngilan şəhərindəki məsciddən də tövlə kimi istifadə olunub.
Rayonun işğaldan azad edilməsi nəticəsində buradakı tarixi, memarlıq abidələri də erməni əsarətindən qurtuldu. Otuz ilə yaxın işğal dövründə dağıdılan, təhqir olunan dini abidələrimizin, məscidlərimizin yenidən həyata qaytarılması prosesində Heydər Əliyev Fondu müstəsna xidmət göstərir. Qarabağdakı dini abidələrin, məscidlərin bərpası işləri sürətlə davam etdirilir.
Zəngilan məscidinin bərpasının təməl daşı dövlətimizin başçısı İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın iştirakı ilə ötən il aprelin 26-da qoyulub, bərpa işləri fasiləsiz həyata keçirilir.
Sonra dövlətimizin başçısı və birinci xanım İşğal və Zəfər muzeyləri kompleksinin təməlqoyma mərasimində iştirak etdilər. Daha sonra Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Zəngilan şəhərinin Baş planı təqdim olundu. Məlumat verildi ki, Zəngilan İşğal və Zəfər muzeyləri kompleksi layihəsinin əsas məqsədi müharibənin ətraf mühitə dağıdıcı təsirləri barədə məlumatlılığı artırmaqdır. Layihə hazırlanarkən dayanıqlılığın müxtəlif aspektləri həm landşaft, həm də bina dizaynı üçün nəzərə alınıb və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq hədəflənib.
Zəngilan İşğal və Zəfər muzeyləri kompleksi İşğal Muzeyi, Zəfər Muzeyi və dağıntıları əks etdirən Memorial Parkdan ibarət olacaq.
Dövlətimizin başçısı və birinci xanım İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoydular.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Oxçuçayın mənzərəsini seyr etdilər.
https://president.az/az/articles/view/56205