“Hər qayıdış bir dirçəlişdir” adlı tədbir keçirildi.
16 iyul 2025-ci il tarixdə Zəngilan rayon İcra hakimiyyəti və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Hər qayıdış bir dirçəlişdir” adlı tədbir keçirildi.
Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin məsul əməkdaşı Aqil Qurbanov, ANAMA-nın əməkdaşı Ceyhun Quliyev, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Tərəfdaşlarla iş və kommunikasiya şöbəsinin əməkdaşı Fatimə Cəfərova, Komitənin və İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları, idarə-müəssisə rəhbərləri, məktəb direktorları, şəhid ailələri, qazilər, rayon ziyalıları, rayon ağsaqqalları iştirak etdilər.
İlk olaraq tədbir iştirakçıları Zəngilan Rayon İcra Hakimiyyətinin inzibati binasının foyesində ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad etdilər.
Daha sonra Böyük Qayıdışa dair foto-sərgiyə baxış keçirildi.
Tədbir Ümumilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edildi.
Tədbirdə çıxış edən Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov Azərbaycan xalqının xilaskarı, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycanın rifahı naminə gördüyü işlərdən, Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərdən danışdı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərimizdə, o cümlədən Zəngilan rayonunda aparılan abadlıq-quruculuq işləri barədə ətraflı məlumat vermiş və bütün bunların vətəndaşlarımızın rahat həyat şəraitinin təmin olunması istiqamətində ölkə rəhbərliyinin müəyyən etdiyi əsas hədəflərindən biri olduğunu qeyd etdi.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin məsul əməkdaşı Aqil Qurbanov çıxış edərək “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı üçün sürətli işlər görüldüyünü, dövlətimizin Qarabağ və Şərqi Zəngəzur bölgəsinin ölkənin digər əraziləri kimi yüksək inkişaf yoluna qədəm qoyması üçün siyasi iradə sərgilədiyini, gələcəkdə işğaldan azad edilmiş ərazilərin inkişaf etdirilərək, zəngin təbii potensialı ilə dünyada tanınması istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırdı.
Böyük Qayıdışla bağlı videolar tədbir iştirakçılarına nümayiş etdirildi.
Sonda Böyük Qayıdışa dair keçmiş məcburi köçkünlərin sualları Komitə əməkdaşları tərəfindən cavablandırıldı.







