"Erkən nikah və qohumlar arasında bağlanan nikahın fəsadları" mövzusunda maarifləndirici tədbir təşkil olundu.
Zəngilan Rayon İcra Hakimiyyəti Başçısı yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın təşkilatçılığı ilə Bakı şəhəri, Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyində yerləşən Zəngilan rayon Mədəniyyət evində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarı ilə “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın icrası istiqamətində “Erkən nikah və qohumlar arasında bağlanan nikahın fəsadları” mövzusunda tədbir keçirilib.
Tədbirdə rayonun Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının sədri Nizami Mönsümov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamila Əliyeva, Rayon Polis Şöbəsinin Yetkinlik Yaşına Çatmayanların Profilaktiki İşinin Təşkili qrupunun baş inspektoru Kəmalə Cəfərova , Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin Zəngilan rayonu üzrə sektor müdiri Zakir Məmmədov , Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Zəngilan rayonu üzrə sektor müdiri Kənan İmaməliyev, Zəngilan rayon Mərkəzi xəstəxanasının baş həkimi Aynurə Abdullayeva, ƏƏSMN-nin Reabiliyasiya şöbəsinin uzman psixoloqu Lalə Hüseynova, və Zəngilan rayonunun bütün məktəb şagirdləri və psixoloqları iştirak etdilər.
Tədbir Ümummili Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edildi. Tədbiri giriş sözü ilə açan Zəngilan Rayon İcra Hakimiyyəti başçısının müavini, Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının sədri Nizami Mönsümov iştirakçıları salamlayıb, müasir dövrümüzün ən aktual problemlərindən biri olan “erkən nikahın” qızlarda yaratdığı fiziki və psixoloji fəsadlarla yanaşı, təhsildən yayınma və digər hüquq pozuntuları barədə məlumatlandırdı.
Daha sonra çıxış edən natiqlər də erkən nikahların qarşısının alınması üçün həyata keçirilən profilaktik tədbirlərin daha təsirli olması və nəticə verməsi üçün bu tərz maarifləndirmə işlərinin yalnız uşaqlar və şagirdlər arasında aparılmasının kifayət olmadığı bildirildilər. Çünki, bu haqda məktəbliyə nə qədər yeni informasiya verilsə də, ailədəki mühitdə yenə valideyndən asılı vəziyyətdə qalır. Ona görə də, maarifləndirməyə eyni zamanda müəllimlərin, din xadimlərinin, bölgənin nüfuzlu adamlarının və valideynlərin cəlb edilməsinin, bu haqda insanlara düzgün məlumatlar çatdırılmasının vacibliyi qeyd edilmişdir.
Tədbirin sonunda mövzu ətrafında suallar cavablandırıldı.