Azərbaycan Respublikasının Konstitusiya günü münasibətilə “Ulu Öndər Heydər Əliyev Müasir Azərbaycan Dövlətinin Konstitusiyasının müəllifidir” mövzusunda rayon tədbiri keçirildi
12 noyabr 2026-cı il tarixində Zəngilan rayon İcra Hakimiyyətinin inzibati binasının akt zalında Azərbaycan Respublikasının Konstitusiya günü münasibətilə rayon tədbiri keçirildi.
Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun, YAP Zəngilan rayon Təşkilatının sədrinin, Aparatın məsul əməkdaşlarının, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşlarının, rayon ağsaqqallarının nümayəndələrinin iştirakı ilə keçirilən tədbir Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı.
Tədbiri giriş sözü ilə açan Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov 12 Noyabr - Konstitusiya günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək bildirdi ki, müəllifi Ulu Öndər Heydər Əliyev olan Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi.
Daha sonra mövzu ilə bağlı geniş məruzə ilə çıxış edən RİH başçısı aparatında Hüquq və kadr məsələləri sektorunda məsləhətçi Aidə Məmmədova, məruzə ətrafında çıxış edən YAP Zəngilan rayon Təşkilatının sədri Natiq Quluzadə, Rayon Ağsaqqallar Şurasının sədri Xuduş İsgəndərov, Zəngilan Rayon İcra Hakimiyyəti başçısının Zəngilan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nizami Yusifov bildirdilər ki, Ümummilli Liderin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə hazırlanan müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyası xalqın dövlətçilik iradəsini və suverenliyini əks etdirən fundamental hüquqi sənəddir. Konstitusiyanın qəbul edilməsi demokratik inkişaf, hüquqi dövlətçilik və insan hüquqları sahəsində mütərəqqi dünya təcrübəsinin başlıca nailiyyətlərini özündə ehtiva edən mühüm tarixi hadisədir.
Tədbirin sonunda 12 noyabr-Konstitusiya Gününə həsr olunmuş qısametrajlı film nümayiş etdirildi.







