“Ağ ölüm”ə qarşı mübarizədə tətbiq edilən Strategiyalar.
Narkotik vasitələrdən istifadə müasir cəmiyyətin ən ciddi problemlərindən biridir. Bu məsələ dünya miqyasında yayılmaqla hər bir ölkə üçün ciddi problemlər yaratmağa davam edir. Narkotik vasitələrin istifadəsi, habelə dövriyyəsinə qarşı mübarizədə Amerika Birləşmiş Ştatları digər ölkələrə nisbətən daha qabaqcıl mövqeni tutsa da, görülən tədbirlərə baxmayaraq, narkotik ticarəti və maddə asılılığı Amerika əhalisinə ciddi ziyan vurmağa davam edir. Verilən statistik məlumatlar göstərmişdir ki, 2022-ci ilin sentyabrından 2023-cü ilin sentyabrına qədər olan müddət ərzində 204.000-dən çox amerikalı narkotik vasitələrin dozadan artıq istifadəsi nəticəsində ölmüşdür. Bu ölümlərin böyük əksəriyyəti opioidlərlə əlaqəlidir. Belə ki, hər il 33.000-dən çox amerikalı həm reseptli, həm də qeyri-qanuni opioidlərin istifadəsi nəticəsində həyatını itirir. Bu hadisələrin qarşısını almaq üçün, hüquq-mühafizə orqanları narkotik ticarəti ilə məşğul olan transmilli təşkilatlarla mübarizə aparır. Sözügedən təşkilatlar dünyada korrupsiya, zorakılıq və terrorizmə təkan verən təxminən 500 milyard dollarlıq sənayeni idarə edirlər.
ABŞ Ədliyyə Nazirliyi bu sahədə həm "qaranlıq", həm də açıq şəbəkələrdə narkotik ticarəti təhlükəsinin dəyişən təbiətinin öyrənilməsinin vacib əhəmiyyətinin olduğunu vurğulayır. Qaranlıq veb özü geniş yayılma potensialına malik bir təhlükə mənbəyi olaraq qalsa da, açıq internetdəki sosial media və e-ticarət platformaları saxta həblər, opioidlər və digər dərmanların, habelə təhlükəli prekursor olan kimyəvi maddələrin və həb istehsalında istifadə olunan avadanlıqların alqı-satqısı üçün yeni bazarlara çevrilmişdir. Onlayn satışı həyata keçirilən, həqiqi dərman vasitələrinə bənzəyən bir çox saxta həb həm az yaşlılar, həm də gənc yetkinlər üçün nəzərdə tutulmuşdur və tez-tez sintetik fentanillə də qarışdırılır. Odur ki, qeyri-qanuni onlayn narkotik bazarlarının ləğvinə dair qanunamüvafiq tədbirlər görülməli və bu bazarları dəstəkləyən məsul rəhbərlər də daxil olmaqla, şirkətlər məsuliyyətə cəlb edilməlidir.
ABŞ Ədliyyə Nazirliyi narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsi sahəsində mübarizədə aşağıdakı 3 strategiyanı tövsiyə edir:
Strategiya 1: Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyəsi ilə məşğul olan təşkilatların ləğvi.
Nazirlik ABŞ-da narkotik ticarəti ilə mübarizə aparmaq üçün mövcud olan bütün mənbələrdən istifadə etməli, eyni zamanda narkotik ticarəti ilə məşğul olan təşkilatları, onların maliyyə infrastrukturlarını və paylama şəbəkələrini müəyyən etməlidir. Həm idarələr arası, həm də digər hüquq-mühafizə orqanları ilə əməkdaşlıq aparmalı və məlumat mübadiləsi etməlidir. Narkotik ticarəti ilə məşğul olan böyük transmilli, milli və regional təşkilatlarda iştirak edən narkotik satıcılarını müəyyənləşdirmək və mühakimə etmək üçün inkişaf etmiş kəşfiyyat təhlillərindən və elmi araşdırmalardan istifadə etməlidir və son olaraq beynəlxalq təchizat mənbələrini, çirkli pulların yuyulması ilə məşğul olan şəxsləri, xarici və daxili nəqliyyat təşkilatlarını, həmçinin regional və yerli paylama şəbəkələrini hədəf almalıdır.
Strategiya 2: Narkomaniya və narkotiklərlə əlaqəli cinayətlərdə ölüm halının azaldılması.
Opioid epidemiyası ilə mübarizə səylərinin bir hissəsi olaraq, diqqət qanunsuz dərman vasitələrinin sızmasına yönəldilməlidir. Nazirlik şübhəli hesablama sxemlərini müəyyənləşdirmək, araşdırmaq və reseptlər təyin etmək üçün ən yaxşı məlumat təhlili metodlarından istifadə etməlidir. Opioidlərin qanunsuz təyin edilməsi, sızması və yayılması ilə məşğul olan məsul rəhbərlər də daxil olmaqla səhiyyə işçilərini və korporasiyaları məhkəməyə verilməlidir. Nəhayət, reseptli dərman kvotalarını qiymətləndirməyə davam etməli və müalicə sahəsindəki fırıldaqçılıq və geri çəkilmə sxemlərini araşdırıb mühakimə etməlidirlər.
Strategiya 3: Elmi əsaslı profilaktika və müalicə metodlarına çıxışın genişləndirilməsi.
Nazirlik həbsdə olanlar və ya cəmiyyətə qayıdanlar da daxil olmaqla narkomaniya xəstəliyindən əziyyət çəkən şəxslərin müalicəsinin genişləndirilməsini dəstəkləməklə narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərin müalicəsini genişləndirmək və bu cür proqramların həyata keçirilməsində dövlətlərlə və digər qurumlarla əməkdaşlıq etməyi zəruri hesab edir. Həmçinin dəstək xidmətlərini artırmaq, ictimai təhlükəsizlik və sağlamlıq sistemləri daxilindəki səhiyyə xidmətinin davamlılığını təmin etmək üçün əyalətlərlə və yerli icmalarla əməkdaşlıq edilməlidir.
Beləliklə, narkotik vasitələrin istifadəsini başlamadan dayandırmaq üçün xüsusilə gənclər arasında profilaktik tədbirlər aparılmalı və “ağ ölüm”ə qarşı dünya dövlətləri birgə ciddi tədbirlər görməlidirlər.
Azərbaycan Respublikasında sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması məqsədilə narkomaniyaya qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilmişdir. Aparılan islahatlar narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlıq problemlərinin həlli üçün cəmiyyətin, dövlətin və qeyri-hökumət təşkilatlarının səylərinin birləşdirilməsini, beynəlxalq əlaqələrin genişləndirilməsini və kompleks mübarizəni zəruri etmişdir. Hazırda bu mübarizəyə dəstək məqsədilə aparılan islahatların əsasını isə Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı” və sözügedən Proqram əsasında hüquq-mühafizə orqanları da daxil olmaqla yerli qurumlar tərəfindən görülən tədbirlər təşkil edir. Maarifləndirmə strategiyasına uyğun olan belə tədbirlərdən biri kimi Azərbaycan Respublikasının Baş prokurorunun tapşırığı ilə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin bir qrup işçisi tərəfindən “Azərbaycan Respublikasının prokurorluq orqanlarında metodik ədəbiyyatın nəşri Qaydaları”nın tələblərinə uyğun olaraq hazırlanmış “Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin vəziyyəti, bu sahədə milli və beynəlxalq müstəvidə aktual problemlərin həlli yolları” adlı kitabının nəşr edilməsini göstərmək mümkündür.
Zəngilan rayon prokurorunun köməkçisi
Anar Mahmudov