Respublika Günü şərəfinə
Respublika Günü münasibətilə may ayının 27-də Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən Zəngilan şəhər 1 nömrəli uşaq musiqi məktəbində rayon tədbiri keçirilmişdir.
Zəngilan rayon icra hakimiyyətinin mədəniyyət və turizm idarəsi ilə musiqi məktəbinin birgə səyi ilə təşkil olunan tədbir musiqi məktəbi şagirdlərinin ifasında əzəmətli “Azərbaycan himni”nin səslənməsi ilə başlanmışdır.
Sonra iştirakçılara tədbirin ovqatına uyğun olaraq seçilmiş musiqi nömrələri, mahnılar, şeirlər təqdim edilmişdir.
Bir saatdan artıq davam edən bədii hissənin tamamında söz rayon icra hakimiyyətinin başçısı cənab Ramiz Həsənova verilmişdir.
Tədbirin yüksək səviyyədə təşkilindən razı qalan, əlamətdar yubiley münasibətilə toplaşanları ürəkdən təbrik edən rayon rəhbəri müsəlman Şərqində ilk müstəqil dövlətin məhz Azərbaycanda yaradılmasının xalqımızın azadlıqsevərliyindən qaynaqlandığını vurğulamış, təəssüf hissilə qeyd etmişdir ki, 1918-ci ildə mövcudluğu elan olunan Azərbaycan Demokratik Respublikasının öz suverenliyini qoruyub saxlaya bilməməsi böyük qurbanlar bahasına qazanılmış istiqlaliyyətin itirilməsi ilə nəticələnmişdir.
1991-ci ilin oktyabrından başlanan yeni dövlətçilik tariximizdən danışan cənab R. Həsənov bu müstəqilliyin , Ulu Öndərin söylədiyi kimi , daimi, dönməz, əbədi olacağını bildirmişdir, çünki onun təməli zamanın ən uzaqgörən, müdrik dövlət xadimi Heydər Əliyev tərəfindən qoyulmuş və sükanı güclü əllərə etibar edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ümummilli liderin siyasətini uğurla davam etdirilməsinin nəticəsidir ki, hazırda Azrəbaycan Qafqaz regionunun ən aparıcı dövlətidir. Dünya ölkələri iqtisadi böhran sıxıntıları keçirdikləri halda, Azərbaycan tərəqqi yolunda İlhamla irəliləyir.
Natiq qeyd etmişdir ki, xalqımızı xoşbəxt gələcək gözləyir. Bu gələcəyi birlikdə, hakimiyyətlə xalqın yekdilliyi ilə, Heydər Əliyev amallarına sədaqətli xidmətlə, İlham Əliyev siyasətini dəstəkləməklə qurmalıyıq.
Rayon rəhbəri bir daha 28 May Respublika Günü münasibətilə iştirakçıları, onların şəxsində bütün rayon əhalisini ürəkdən təbrik etmişdir.
Sonda rayon ağsaqqalları Xuduş İsgəndərov və Cəmil Tağıyev tədbirin yüksək səviyyədə təşkillinə görə razılıqlarını, eləcə də gənclərə tövsiyələrini bildirmişlər.
Yubiley tədbiri musiqi məktəbinin bir qrup müəllim və şagirdinə fəxri fərmanlar təqdim olunması ilə başa çatmışdır.