Müharibə veteranları diqqət mərkəzindədir
Zəngilan rayon 5 nömrəli tam orta məktəbində 5 may 2014-cü il tarixdə faşizm üzərində qələbənin 69-cu ildönümü münasibəti ilə məktəbin müəllim və şagirdləri ilə İsgəndərbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Ağakişilər kənd sakini, Böyük Vətən müharibəsi veteranı Məmmədov Əli Səməd oğlunun görüşü keçirildi.
Məktəbin direktoru M.C.Quliyev müharibə veteranını və qonaqları salamlayaraq, Əli Məmmədovun döyüş və əmək yolu barədə məlumat verdi, sonda veteranı qələbə günü münasibətilə məktəb kollektivi adından xoş sözlər , qiymətli hədiyyə və gül dəstəsi ilə təbrik etdi.
Tarix müəllimi Anar Hüseynov çıxış edərək veteranın bu gün məktəblilərlə görüşünün gənclərin vətənpərvərlik tərbiyəsindəki əhəmiyyətindən danışdı, Əli Məmmədova can sağlığı, övlad, nəvə, nəticə sevinci arzuladı.
Müharibə veteranı Ə. Məmmədov keçdiyi ağır döyüş yolundan, o dövrdəki çətinliklərə baxmayaraq qələbə üçün göstərdikləri əzmkarlıqdan danışdı, müəllim və şagirdləri maraqlandıran sualları cavablandırdı.
Rayon İHB-nın İsgəndərbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi A.Cavadov çıxışında qeyd etdi ki, rayon icra hakimiyyətinin başçısı cənab Ramiz Həsənovun göstərişinə əsasən müharibə veteranları həmişə diqqət mərkəzindədir. Belə görüşlərin keçirilməsi məhz rayon rəhbərinin təşəbbüsüdür.
Məmmədov Əli Səməd oğlu 1920-ci ildə rayonumuzun Ağakişilər kəndində anadan olub. 1942-45-ci illərdə 301 saylı diviziyanın piyada alayında Qara dəniz ətrafında Taqer şəhərində gedən döyüşlərdə iştirak edib. 3 dəfə yaralanıb. II qrup müharibə əlilidir. 1-ci dərəcəli Böyük Vətən Müharibəsi ordeni ilə mükafatlandırılıb.
Müharibədən sonra 62 il kolxoz, sovxoz və digər təşkilatlarda mühasib, müharibə və əmək veteranları şurasının Zəngilan rayon şöbəsinin sədri işləyib.
Hal-hazırda Sumqayıt şəhərində, 16-cı mikrorayonda məskunlaşıb.