Cəlilabadda zəngilanlı əsgərlərlə görüş
Rayon icra hakimiyyəti başçısının tapşırığı ilə ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri M.Bağırova inzibati ərazi dairəsi üzrə nümayəndələrlə birlikdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ərəfəsində Cəlilabad rayonunun “N”saylı hərbi hissəsində xidmətdə olan zəngilanlı əsgər, gizir və zabitlərlə görüş keçirmişdilər. Bu görüş “N” saylı hərbi hissənin şəxsi heyəti üzrə şöbə rəisinin müavini Namiq Həsənovun yaxından köməkliyi ilə baş tutmuşdur.
Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri M.Bağırova nümayəndə heyəti ilə birlikdə əsgərləri salamlayaraq RİH-nin başçısı Ramiz Həsənovun salamlarını və müvafiq tövsiyyələrini onlara çatdırmış və bu şərəfli yolda əsgərlərə uğurlar diləmişdir.
Görüş zamanı hərbi hissənin şəxsi heyət üzrə şöbə rəisinin müavini N.Həsənov çıxış edərək dövlət tərəfindən əsgərlərə göstərilən diqqət və qayğıdan danışmış və belə görüşlərin təşkili üçün nümayəndə heyətinə öz dərin minnətdarlığını bildirərək, Azərbaycan əsgəri hər zaman dövlətin qayğısı ilə əhatə olunduğunu vurğulamışdır.
Sonda əsgərlər çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına, ali baş komandana öz minnətdarlıqlarını bildirmiş və xidmətlərində hər zaman Vətənə, xalqa, millətə sadiq qalacaqlarını bəyan etmişlər.
Görüş çərçivəsində Heydər Əliyev muzeyinə baxış keçirilmişdir.