Şanlı Yubiley Münasibətilə
Zəngilan Rayon İcra Hakimiyyəti xalqımızın böyük oğlu, ümumilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə rayonun idarə-müəssisə, təşkilat rəhbərlərinin, inzibati ərazi dairələrinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə may ayının 6-da geniş tədbir keçirmişdir.
Rayonun inzibati mərkəzinin yerləşdiyi Masazır bələdiyyəsi ərazisində məcburi köçkünlər üçün salınmış yeni yaşayış massivinin klubunda təşkil olunan yubiley tədbiri rayon icra hakimiyyəti binasının foyesində dahi şəxsiyyət Heydər Əliyevin büstü önünə təzə-tər qızılgül dəstələri qoyulması ilə başlanmışdır.
RİH-nin başçısı cənab Ramiz Həsənov çıxış edərək tarixin ən çətin dönəmlərində xalqımızın xilaskarı missiyasını heyrətamiz qətiyyət və hünərlə öz üzərinə götürən böyük şəxsiyyət Heydər Əliyevin liderlik, yüksək rəhbərlik keyfiyyətlərindən, həyat və mübarizə yolundan danışmışdır.
Qeyd etmişdir ki, Heydər Əliyev sözün tam mənasında dünya tarixinin nadir şəxsiyyətlərindəndir. O, Azərbaycanda siyasi hakimiyyətə gəldiyi ilk günlərdən həyatının sonunadək Azərbaycanın bir respublika, dövlət kimi möhkəmlənməsi, inkişafımıza mane olan əngəllərin aradan qaldırılması, ölkə iqtisadiyyatının möhkəm təməllər üzərində yüksəlməsi, insanların həyat şəraitinin durmadan yaxşılaşdırılması üçün misilsiz səylər göstərmiş, son nəticədə böyük fədakarlıqla öz məqsədinə nail olmuşdur.
Ümummilli liderin çoxsahəli, genişmiqyaslı fəaliyətini mərhələlərə bölən natiq Sovet İttifaqı dövründə respublikamız üçün gördüyü mühüm işlərlə yanaşı, hakimiyyətə ikinci qayıdışında böyük uzaqgörənliklə neft strategiyasını müəyyənləşdirərək gələcək uğurlarımıza möhkəm bünövrə qoyduğuna, ölkəmizi əyalətlərə parçalanmaqdan, bir dövlət kimi yox olmaqdan qoruduğuna, öz idarəçilik məktəbində İlham Əliyev kimi müdrik davamçı yetirdiyinə görə bütün varlığımızla Heydər Əliyevə borclu olduğumuzu bildirmişdir.
Vurğulamışdır ki, məhz İlham Əliyevin yüksək idarəetmə, təşkilatçılıq bacarığı sayəsində bu gün müstəqil Azərbaycanımız öz inkişafının yeni zirvələrinə doğru inamla irəliləyərək Heydər Əliyev ideyalarını, amallarını həyat reallığına çevirir.
Yubiley tədbirində çıxış edən YAP rayon təşkilatının sədri Əsəd Hüseynov, rayon ağsaqqallar şurasının sədri Xuduş İsgəndərov, rayon böyük vətən müharibəsi, silahlı qüvvələr və əmək veteranları şurasının sədri Əşrəf Şükürov Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişini və eləcə də ikinci qayıdışını xalqımızın xoşbəxtliyi kimi dəyərləndirmiş, onun dövlətimizin qüdrətlənməsi üçün gördüyü dəyərli işlərdən danışmış, misilsiz xidmətləri ilə adını tariximizin şanlı səhifəsinə yazmış ulu öndəri xalqımızın daim ehtiram hissi ilə xatırlayacağını bildirmişlər.
Tədbirdə bu günlər Yeni Azərbaycan Partiyası sıralarına qəbul edilmiş bir qrup gəncə- Süsən Cavadovaya, Fəridə Qasımovaya, Fərqanə Talıbovaya, Arzu Nəbiyevaya, Şəhla Cəfərovaya, Mehparə İsmayılovaya təntənəli surətdə üzvlük vəsiqələri təqdim olunmuşdur.
Sonda böyük şəxsiyyət, müdrik dövlət xadimi Heydər Əliyevə həsr olunmuş «Əbədiyyət yolu» sənədli filmi nümayiş etdirilmişdir.