Şriftin ölçüsü :

Saytın rəngi :

31 Mart Azərbaycanlıların Soyqırımı günüdür

30 mart 2014 | 16:00

Quba Soyqırımı Memorial Kompleksində
Xalqımızın tarixinə qanlı hərflərlə yazılan 1918-ci ilin ermənilər tərəfindən törədilmiş mart qırğınları , bu hadisələrin ildönümü ilə əlaqədar hər il rayonumuzun idarə-müəssisələrinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə rəsmi yığıncaqlar keçirməklə qeyd edilən 31 Mart Azərbaycanlıların soyqırımı günü bu il daha yaddaqalan forma və məzmunda təşkil olunmuşdur.
Belə ki, rayon icra hakimiyyətinin başçısı cənab Ramiz Həsənovun tövsiyəsi və təşkilatçılığı  ilə mart ayının 29-da rayonumuzun bütün inzibati ərazi vahidlərini təmsil edən əsasən gənclərdən ibarət 35 nəfərlik  bir qrup məcburi köçkünlərimizin məskunlaşdığı Abşeron rayonunun  Masazır qəsəbəsindən Quba  Soyqırımı Memorial Kompleksinə səfərə getmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli sərəncamı ilə 2012-2013-cü illərdə Qubada  inşa edilmiş Soyqırım Memorial Kompleksi öz qeyri-adi görkəmi ilə xüsusən gənclərimizi xeyli təsirləndirmişdir. Xanım bələdçinin müşayiəti-izahı ilə rayonumuzdan gedən qrup əvvəlcə əsas zalda yaşanmış tarixi dövrü əks etdirən Xalq Cümhuriyyətinə aid dövlət sənədləri , mətbuat yazıları, fotoşəkillər, maddi dəlillər  və s. tanış olmuşdur.Verilmiş məlumatlardan aydın olmuşdur ki, 1918- ci il mart ayının 30- da gecə saatlarında daşnak Stepan Şaumyanın rəhbərliyi ilə Bakıda əksinqilabçı ünsürlərin təmizlənməsi adı altında azərbaycanlılara qarşı başlanan soyqırım həmin ilin aprel-may aylarında Quba qəzasında davam etdirilmiş, burada 167 kənd tamamilə dağıdılmış ,canlarını qurtaranlar istisna olmaqla, 4 min nəfər müsəlman əhali erməni-daşnak Amazaspin quldur dəstələri tərəfindən amansızlıqla məhv edilmişdir.
Bütövlükdə, 1918- ci ilin mart-iyul aylarında erməni-bolşevik hərbi birləşmələri Azərbaycanın müxtəlif  bölgələrində 50 mindən artıq günahsız dinc müsəlman əhalini ən müxtəlif işgəncə-əzablarla qətlə yetirmiş, mal-sərvətləri aparmış, ev-eşikləri yerlə yeksan etmişlər. Bu təcavüzlərdə əsas məqsəd yerli azərbaycanlı-müsəlmanların ərazilərdən çıxarılması, burada “Böyük Ermənistan” dövləti yaratmaq olmuşdur.
1919-cu ilin mart ayının 31-i ilk dəfə Xalq Cumhuriyyəti tərəfindən ümumxalq matəm günü kimi qeyd olunsa da, sovet hökumətinin qurulması ilə azərbaycanlılara qarşı törədilmiş bu hadisələr ört-basdır edilmiş və öz həqiqi qiymətini almamışdır.
Yalnız ümummilli lider Heydər Əliyev 1998-ci ilin 26 martında imzaladığı fərmanla 1918-ci ilin mart hadisələrinə obyektiv qiymət verilməsinə və bu soyqırımın beynəlxalq müstəviyə çıxarmasına nail olmuşdur.
Erməni vəhşiliyinin ən bariz göstəricilərindən biri Quba Memorial Kompleksindəki kütləvi məzarlıqdır. Əksəriyyəti gənc, qadın, uşaq skletlərindən  ibarət bu məzarlığa həyəcansız baxmaq mümkün deyildir.
RİH-nin başçısının müavini N. Mönsümov buradakı “Xatirə kitabına” rayon rəhbərliyi və əhalisi  adından ürək sözlərini yazmış,belə bir dəyərli kompleksin yaradılmasına görə ölkə başçısına dərin minnətdarlıq, tariximizin qara səhifəsinə görə isə erməni millətçilərinə nifrət ifadə etmişdir.
Kompleksi, kütləvi məzarlıqda uyuyanları ziyarət etdikdən sonra RİH-nin başçısının müavini N. Mönsümov və rayon təhsil şöbəsinin müdiri Z. İbrahimov nümayəndə heyəti üzvləri ilə bir daha təəsüratlarını bölüşmüş və onlara təşəkkürlərini bildirmişlər.

Keçidlər