Uşaqların Novruz sevinci
Xalqımızın həmişə böyük həvəslə hazırlaşdığı və keçirdiyi Novruz Bayramı ərəfəsində Zəngilan Rayon Uşaq Fondunun təşkilatçılığı ilə həmyerlilərimiz Nurəddin və Şəmsəddin Həsənov qardaşları rayonumuzun 30 imkansız ailəsinin uşaqlarına bayram sovqatı hazırlayaraq təqdim etmişlər.
Mart ayının 19-da bu münasibətlə aztəminatlı ailələrin uşaqları Bakının Nərimanov rayonunda hazırda RİH-nin nümayəndəliklərinin yerləşdiyi binaya dəvət olunmuş, rayon icra hakimiyyəti başçısının müavini Xanım Rüstəmova və uşaq fondunun sədri Dilşad Həsənova türk dünyasının ən sevimli bayramı Novruzun-Yeni ilin gəlişi münasibətilə onları səmimi qəlbdən təbrik etmiş, xoş arzularını bildirmişlər.
Bayram sovqatı ilə yanaşı, DİİXİ Həmkarlar İttifaqı Zəngilan Rayon Komitəsi tərəfindən uşaqlara Bakı şəhərinin Sərhədçi İdman Olimpiya Mərkəzində keçiriləcək Novruz şənliyində iştirak üçün biletlər də hədiyyə olunmuşdur.