8 noyabr Zəfər bayramı münasibəti ilə “Şanlı Zəfər Tariximiz” adlı tədbir keçirildi.
Müstəqil Azərbaycanın müasir tarixində zəfər, qələbə ayı olan Noyabr ayının ilk günlərindən etibarən rayon üzrə fəaliyyət göstərən təhsil və mədəniyyət müəssisələrində şanlı zəfərimizin təbliğ olunması məqsədilə silsilə tədbirlər keçirildi.
Zəngilan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 08 noyabr 2022-ci il tarixdə “Zəfər Günü”nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyəti başçısı Ramiz Həsənov, Milli Məclisin deputatı İmamverdi İsmayılov, YAP Zəngilan Rayon Təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı Aparatının məsul əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısının rayon, kənd, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələri, müəssisə rəhbərləri və Vətən müharibəsi şəhidlərinin ailələri və qazilər, rayon ictimaiyyəti iştirak etdi.
İlk öncə foyedə Zəngilan rayon məktəblərində təhsil alan şagirdlərin hazırladığı “Zəfər günü” mövzusuna həsr olunmuş sərgiyə baxıldı. Dövlət himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayan ümumrayon tədbirinin rəsmi hissəsində Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov çıxış edərək bildirdi ki, hərb tariximizin şərəfli səhifəsi olan və bizi Qələbə zirvəsinə ucaldan 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qeyrətli və vətənpərvər oğulları erməni işğalçılarını məğlub etdilər, torpaqlarımızın düşmən tapdağında qalmasına son qoydular, uzun illər qədəmimizin dəymədiyi, nəfəsimizin toxunmadığı, həsrətini çəkdiyimiz yurdlarımızda üçrəngli bayrağımızı qaldırdılar.
Daha sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı ilə təltif olunmuş, Vətən müharibəsində iştirak etmiş Zəngilan rayon gənclərinə medallar təqdim olundu.
İfaçıların ifalarında vətənpərvər mahnılar səslənən tədbirin bədii hissəsi Vətən Müharibəsi qəhrəmanı Surxay Noçuyev adına Zəngilan rayon 1 saylı tam orta məktəbin şagirdləri tərəfindən hazırlanan kompozisiya ilə sona çatdı.