Oğuz ellərinin Od Çərşənbəsi
Türk dünyası özünün ən qədim və əziz milli bayramı Novruza addım-addım, çərşənbələri sıralamaqla yaxınlaşır. Təbiətin oyanışı, təzələnməsi Su Çərşənbəsindən başlayıb, od, yel, torpaq çərşənbələri ilə davam edir, gecə ilə gündüzün bərabərləşdiyi məqamla, müsəlman dünyasının yeni ilinin gəlişi- Novruz bayramı ilə tamamlanır.
Bir həftə öncə Su Çərşənbəsini qeyd edən köçkün ellərimiz, mart ayının 4-də Zəngilan Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə Od Çərşənbəsini təntənəli şəraitdə bayram etmişlər.
Masazır qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınmış yeni yaşayış massivində keçirilən çərşənbə şənliyində burada məskunlaşanlarla yanaşı,rayonun bütün inzibati ərazi vahidlərinin nümayəndələri, rayon rəhbərləri, qonaqlar iştirak etmişlər.
Musiqi sədaları, müğənnilərin ifaları ilə müşayət olunan bayram şənliyində çərşənbələrin daimi iştirakçıları olan Kosa, Keçəl, Bahar qız, ozanlar məzəli söhbət və hərəkətləri, oynaq rəqsləri ilə şənliyə toplaşanlarda uzun müddət unutmayacaqları xoş ovqat yaratmışlar.
Sonda alovlandırılan çərşənbə tonqalı bayram şənliyini daha da canlandırmışdır. Tonqal üzərindən atılan insanlar, xüsusən çoxsaylı cavanlar,ötən ilin möhnətlərinin odda yanıb kül olması arzusunu dilə gətirmişlər.
Şəkildə: məcburi köçkünlər Od Çərşənbəsini bayram edirlər.