Ermənilərin qəddarlığı lənətləndi
Zəngilan Rayon İcra Hakimiyyəti erməni silahlı birləşmələrinin 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Xocalı şəhərinin dinc azərbaycanlı əhalisinə qarşı törətdikləri vəhşi soyqırımın 22-ci ildönümü ilə əlaqədar tədbir keçirmişdir.
Tədbir bu faciə zamanı həlak olanların xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.
Rayon icra hakimiyyətinin başçısı cənab Ramiz Həsənov Xocalı soyqırımı, bütövlükdə erməni millətçilərinin əsrlərdən bəri xalqımıza qarşı göstərdikləri düşmənçilik haqqında konkret hadisələrə və faktlara istinad etməklə ətraflı məlumat vermişdir.
Natiq bildirmişdir ki, bu faciə onu törədənlərin məkrinə, amamsızlığına görə bütün dünyanı dəhşətə gətirən Xatın müsibətdən də ağır faciədir. Zaman keçdikcə Xocalı soyqırımında köməksiz azərbaycanlı əhalinin üzləşdiyi qəddarlıq, məruz qaldığı müsibətlər dünya ictimaiyyətinə tam reallığı ilə aydın olur. Bu sahədə ulu öndərimiz Heydər Əliyevin xidmətləri ölçüyəgəlməzdir. Ölkə başçısı möhtərəm İlham Əliyevin şəxsi nümunəsi və göstərişi ilə son onillikdə Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində ardıcıl, prinsipial iş aparılır. Məhz bunun nəticəsidir ki, ABŞ-ın 13 ştatı və bir çox dünya dövlətləri Xocalı soyqırımını tanıdıqları barədə qərar və qətnamələr qəbul etmişlər.
Rayon rəhbəri nitqinin sonunda vurğulamışdır ki, indi Azərbaycan güclü dövlətdir, müdrik, qətiyyətli prezidentimiz, Ali Baş komandanımız, qarşıya qoyulmuş hər hansı tapşırığı yerinə yetirməyə qadir ordumuz var. Hazırda əzabını qəlbimizdə daşıdığımız faciəyə yas tutmaqdan daha çox, biz vətəndaşlarımıza, xüsusən gənc nəslə mübarizə ruhu aşılamalı,ölkə başçısı ətrafında sıx birləşərək torpaqlarımızın düşməndən azad edilməsinə nail olmalıyıq.
Başçı bu məqsəd yolunda xalqımıza qətiyyət və mütəşəkkillik arzulamışdır.
Tədbirin sonunda iştirakçılara erməni quldur dəstələrinin havadarlarının köməyi ilə Azərbaycan torpaqlarına, xalqına xəyanətkar hücumlarından, törətdikləri vəhşi əməllərdən bəhs edən “Dolu” filmi nümayiş etdirilmişdir.