Uğurları artırmaq üçün
Zəngilan Rayon İcra Hakimiyyəti idarə-müəssisə,təşkilat,inzibati orqan rəhbərlərinin,icra və ictimaiyyət nümayəndələrinin,rayon fəallarının iştirakı ilə geniş yığıncaq keçirmişdir.
Yığıncaqda “2013-cü ilin yekunları və 2014-cü ildə qarşıda duran vəzifələr barədə” rayon icra hakimiyyətinin başçısı cənab Ramiz Həsənovun hesabat məruzəsi dinlənilmişdir.
Məruzə ətrafında mərkəzi rayon xəstəxanasının baş həkimi E.Babayev,Əmək və Əhalinin sosial müdafiə mərkəzinin direktoru H.Ələkbərov, rayon ağsaqqallar şurasının sədr müavini Asif Bağırov,rayondakı 33 nömrəli məktəbin direktoru Ərşad Piriyev, Milli Məclisin üzvü İmamverdi İsmayılov,Prezident Administrasiyasının məsul işçisi Rövşən Ağayev çıxış etmişlər.
Məruzə və çıxışlarda qeyd edilmişdir ki, ölkə başçısı möhtərəm İlham Əliyevin müəyyən etdiyi kursa uyğun olaraq hesabat ili rayon üzrə bütövlükdə uğurlu nəticələrlə başa vurulmuş, həllini gözləyən bir çox sosial problemlər aradan qaldırılmış, əhalini narahat edən məsələlərin icrası üçün zəruri tədbirlər görülmüşdür.
Belə ki, ötən illə müqayisədə 2013-cü ildə rayonun kənd təsərrüfatı ilə məşğul olan müəssisələrində və fərdi təsərrüfatlarında məhsul buraxılışının həcmi 59,8% artmış,iribuynuzlu mal-qaranın baş sayında 35,3%, qoyun-keçinin baş sayında 10,7%,taxıl istehsalında 2,2 % artım müşahidə edilmişdir.
Əhalinin sayı 1,9%, doğulanların sayı 14,7%, təbii artım 16,7%, əmək ehtiyatları 3,1%,əmək qabiliyyətli əhali 2,3%,iqtisadi fəal əhali 4,8%,əhalinin məşğulluğu 6,3% artmış,işsizlərin sayı 12,1% azalmış, miqrasiya artımı 39,2% təşkil etmişdir.
Rayonun təhsil, səhiyyə, mədəniyyət və turizm şöbələri 2013-cü ildə qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində müəyyən işlər görmüşlər.
Müsbət haldır ki, cari tədris ilində rayonun məktəblərində 4253 şagird təhsilə cəlb edilmişdir ki, bu da əvvəlki ildəkindən 270 nəfər çoxdur.2012/2013-cü tədris ilində rayon üzrə 136 nəfər məzun ali məktəblərə daxil olmuşdur ki, onların 14 nəfəri 500-dən,4 nəfəri isə 600-dən yuxarı bal toplamışdır.
2013-cü il rayon gəncləri üçün də əlamətdar olmuşdur.İdmançılarımız ölkədaxili və respublikadan kənar müxtəlif yarışlarda,əvvəlki ildəki 78-ə qarşı bu il 98 medal, o cümlədən 28 qızıl, 23 gümüş,47 bürünc, medal qazanmışlar.Bütövlükdə ötən il rayonun idarə-müəssisə və təşkilatları tərəfindən keçirilən tədbirlərə 2500-dən artıq uşaq, yeniyetmə və gənclər cəlb edilmişdir.
İl ərzində 5256 nəfər pensiyaçıya,140 nəfər ailə başçısını itirmiş aztəminatlı ailələrə tələb olunan xidmət göstərilmiş 1400 nəfəri əhatə edən 327 ailəyə ünvanlı sosial yardım verilmişdir.
2013-cü ildə rayon icra hakimiyyətinə müraciət edənlərin sayı ötən illə müqayisədə 407 nəfər azalaraq 1099 olmuşdur.
Hesabat ilində müxtəlif kütləvi məskunlaşma yerlərində 40 səyyar qəbul keçirilmiş,bu qəbullarda ümumilikdə 1783 nəfər iştirak etmişdir.Qəbullarda iştirak edən rayon sakinləri tərəfindən 117 müxtəlif məsələ qaldırmışdır ki,onların 60-ı müsbət həll olunmuş,qaldırılmış 54 məsələ barəsində yerində müvafiq tədbir görülərək izahat verilmiş,3-ü barədə aidiyyəti üzrə məsələ qaldıraraq nəzarətdə saxlanılmışdır.
Rayon əhalisi üçün keçən ilin mühüm hadisəsi möhtərəm Prezidentimiz İlham Əliyevin şəxsən iştirakı və xeyir-duası ilə əksəriyyəti zəngilanlı olmaqla 760 məcburi köçkün ailəyə yeni mənzillərin verilməsi olmuşdur.
2013-cü il ərzində sosial durumu zəif ailələrdən daxil olan 576 ərizə rayon İcra hakimiyyəti başçısının Xeyriyyə Fonduna yönəldilərək onlara maddi yardımlar göstərilmiş, mənzillərin təmirinə kömək üçün müraciət etmiş 51 imkansız ailəyə maddi köməklik olunmuş,uşağının ağır xəstəliyi ilə bağlı müalicə üçün müraciət edən şəhid ailəsinə RİH-nin daxili imkanları hesabına 2 min manat vəsait köməklik edilmiş, 90 nəfər valideyn himayəsindən məhrum olan uşağa qeyri hökümət təşkilatının və rayon icra hakimiyyətinin daxili imkanları hesabına maddi köməklik göstərilmişdir.
Kütləvi məskunlaşma yerlərində ənənəvi olaraq 917 müxtəlif növ ağac əkini aparılmışdır.
Hesabat yığıncağı məruzə və çıxışlarda vurğulanan müəyyən çatışmazlıqların aradan qaldırılması,2014-cü ildə nailiyyətləri daha da artırması istiqamətində qərar qəbul etmişdir.
Sonda rayon əhalisi adından ölkə başçısına müraciət qəbul olunmuşdur. Müraciətdə Prezident İlham Əliyevin daxili və xarici siyasətinin zəngilanlı köçkünlər tərəfindən bəyənildiyi, bu siyasətin uğurla həyata keçirilməsi üçün bütün səylərin göstəriləcəyi bildirilmişdir.