DÖVLƏT BAYRAĞI GÜNÜNDƏ
Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibətilə Zəngilan Rayon İcra Hakimiyyəti noyabr ayının 9-da Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış yeni yaşayış massivində geniş tədbir təşkil etmişdir.
Buradakı 33 nömrəli Zəngilan tam orta məktəbin bayramsayağı bəzədilmiş həyətində, iri ölçülü üçrəngli bayrağımızın önündə keçirilən tədbirdə məktəbin müəllimləri Elvira Həsənova və Tofiq Nəsirov Azərbaycan dövlətinin və bayrağının yaranma tarixi, bayrağın, eləcə də digər dövlət atributlarının mühüm mahiyyəti haqqında ətraflı məlumat vermişlər.
Rayon mədəniyyət şöbəsinin “Süsən” instrumental ansamblının müşayəti ilə keçirilən bədii hissədə müğənnilərdən Tural Salmanov,Səlimə Məmmədova, Cahan Əsədova, Nərgiz Mehdiyeva, eləcə də məktəbin şagirdləri Əbdüləli Həsənov və Nihad Abbaszadənin ifaları iştirakçılarda xoş ovqat yaratmışdır.