Zəngilanın işğalının ildönümü anıldı
Zəngilan rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümü ilə əlaqədar oktyabr ayının 29-da Gənc Tamaşaçılar Teatrında tədbir keçirilmişdir.Hüznlü anım mərasimindən öncə iştirakçılar Şəhidlər Xiyabanını,orada uyuyan Zəngilan şəhidlərini ziyarət etmiş, məzarlar üzərinə gül dəstələri qoymuş, sözügedən teatrın foyesində Zəngilan rayonu ilə bağlı rəsm sərgisinə baxmışlar.
Tədbiri Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov açmış, işğalçılara qarşı döyüşlərdə canlarını fəda etmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Cənab Ramiz Həsənov Zəngilana erməni təcavüzünün doğurduğu ağır nəticələr,1993-cü ilin məşəqqətli oktyabr günlərindən əhalinin xilası üçün xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin göstərdiyi xilaskarlıq missiyası, eləcə də sonrakı dövrlərdə qaçqın-köçkün qayğılarını özünün bir nömrəli problemi adlandıraraq bu sahədə həyata keçirdiyi çoxsaylı məqsədyönlü əməli işlər, son onillikdə torpaqlarımızın işğaldan azad edilməsi, didərgin əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində Azərbaycan Respublilkasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının qətiyyətli fəaliyyəti və dəyişməz mövqeyi haqqında ətraflı məlumat vermişdir.
Tədbirdə Azərbaycan Respublikası Baş Nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov geniş nitq söyləyərək işğalçı Ermənistanın təcavüzə son qoyması üçün dünyanın aparıcı dövlətlərinin və bir çox beynəlxalq təşkilatların lazımi əməli tədbirlər görmədiklərini, bununla bir milyona yaxın azərbaycanlı əhalinin ali hüquqlarının pozulmasına, ciddi çətinliklərə məruz qalmasına şərait yaratdıqlarını qətiyyətlə pisləmişdir.
Yüzə yaxın xarici ölkənin diplomatik nümayəndəliklərinin, xarici qonaqların, qeyri-hökümət təşkilatları nümayəndələrinin iştirak etdiyi anım mərasimində cənab Əli Həsənov üzərinə Qarabağ münaqişəsini həll etmək vəzifəsini götürmüş Minsk qrupuna daxil olan ABŞ, Rusiya, Fransa dövlətlərinin ötən 20 ildə əslində əsaslı heç bir iş görmədiklərini vurğulamış, həmin dövlətləri, eləcə də nüfuzlu beynəlxalq təşkilatları, nəhayət, hərəkətə gəlməyə, haqq-ədaləti bərpa etməyə çağırmışdır.
Dövlət rəsmisi qeyd etmişdir ki, bu günlər xalqın böyük sevgisi ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmiş möhtərəm İlham Əliyev cənabları bu münaqişənin sülh yolu ilə həll olunması üçün bütün səyləri göstərir və göstərəcəkdir.Ancaq hər dözüm və səbrin bir həddi vardır. Əgər ermənilər işğal dövrünü uzatmaqda davam etsələr və beynəlxalq aləmdə buna lazımi təpki göstərilməsə,Azərbaycan xalqının müdrik Prezidenti,qətiyyətli ali baş komandanı,güclü ordusu və Vətəni, Prezidentini sevən, doğma torpağını azad etmək üçün bir nəfər kimi ayağa qalxmağa hazır olan xalqı var.
Anım mərasimində Sumqayıt Dövlət Musiqili Dram Teatrının yaradıcı kollektivinin hazırladığı ”Zəngilansız 20 il ” ədəbi-bədii kompazisiya və eləcə də Zəngilana həsr olunmuş film nümayiş etdirilmişdir.
Tədbirdə Prezident Administrasiyasının, Nazirlər Kabinetinin məsul işçiləri, Azərbaycan Respublikasının insan haqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova, millət vəkilləri, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov və digər rəsmi şəxslər iştirak etmişlər.