7 fevral 2023-cü il tarixdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun növbəti səyyar görüşü keçirildi
Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun vətəndaşların təkliflərinin, müraciətlərinin və mövcud problemlərinin həllini sürətləndirmək məqsədilə növbəti səyyar qəbulu Xətai rayonu, Əhmədli qəsəbəsində məskunlaşan rayon sakinlərilə keçirildi. 7 fevral 2023-cü il tarixdə, Zəngilan rayon 28 nömrəli tam orta məktəbinin akt zalında keçirilən qəbulda RİH-in məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, idarə, təşkilat rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər, Elektron Hökümət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd etdi. Bildirdi ki, “Rəqəmsal İcra Hakimiyyəti” portalı vasitəsilə yerli icra hakimiyyətləri tərəfindən göstərilən, elektronlaşdırılması mümkün olan xidmətlər vətəndaşlara onlayn rejimdə təqdim edilir. Portal həm yerli icra hakimiyyəti orqanlarının əməkdaşları, həm də vətəndaşların vaxt və resurslarına qənaət etməyə kömək edəcək.
Daha sonra Zəngilan rayon İcra hakimiyyəti başçısı Ramiz Həsənov tərəfindən vətəndaşların müraciətləri dinlənildi. Qaldırılan məsələlərin qanunamüvafiq formada həlli üçün aidiyyatı qurumlara müraciət olunacağı bildirildi. Bəzi məsələlərin həlli istiqamətində aidiyyatı üzrə idarə rəhbərlərinə müvafiq tapşırıqlar verildi.