Tələbə adını qazanan zəngilanlı gənclərlə görüş
Respublika üzrə keçirilmiş test imtahanlarında yüksək bal toplayaraq ali məktəblərə qəbul olmuş bir qrup gənc Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı cənab Ramiz Həsənov tərəfindən qəbul edilmişdir.
Bu münasibətlə sentyabr ayının 10-da rayon icra hakimiyyətinin akt zalında təşkil olunmuş tədbirdə rayonun idarə-müəssisələrinin, pedoqoji kollektivlərin, ictimaiyyətin nümayəndələri, valideynlər iştirak etmişdir.
Tədbiri ali məktəb tələbəsi adını qazanan zəngilanlı məzunları, onların valideynlərini, təhsil aldıqları məktəblərin rəhbərlərini və kollektivlərini təbriklə açan RİH-nin başçısı cənab R. Həsənov nitqinin əvvəlində Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan naminə təhsilin inkişafı sahəsində həyata keçirdiyi islahatları, gördüyü geniş miqyaslı işləri diqqətə çatdırmışdır.
Xalqımızın böyük oğlunun başladığı təhsil siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının, eləcə də Heydər Əliyev Fondunun Prezidenti YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın son illər bu sahənin yüksəlişi üçün həyata keçirdikləri çoxşaxəli işləri vurğulayan rayon rəhbəri qeyd etmişdir ki, göstərilən hərtərəfli qayğı nəticəsində, bütün respublikada olduğu kimi, Zəngilan rayon məktəblərinin tədris imkanları da ilbəil yaxşılaşmış, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində əsaslı tədbirlər görülmüşdür. Məhz bu səbəbdəndir ki, rayonumuzun ümumtəhsil məktəblərində təlim-tərbiyənin keyfiyyəti ilbəil yüksəlir. Bunu əldə olunmuş göstəricilər də təsdiq edir. Belə ki, əgər 2010-2011-ci tədris ilində rayon üzrə test imtahanlarından uğurla keçərək ali məktəblərə qəbul olunanların sayı 125 nəfər idisə, bu il həmin göstərici 136 nəfərə yüksəlmişdir. 18 məzun 500-700 arası bal toplamışdır. Rayonumuzdakı 13 nömrəli tam orta məktəbin məzunu Allahverdiyev İkram İlham oğlu qəbul imtahanlarında 675 bal toplayaraq ən yüksək nəticəyə nail olmuşdur. Bütün bu uğurları artırmaq üçün rayon təhsil şöbəsinin, pedoqoji kollektivlərin qarşısında duran vəzifələrin dolğun təhlilini verən rayon icra hakimiyyətinin başçısı tələbə adını qazanan tədbir iştirakçılarını, onların şəxsində bu il ali təhsil ocaqlarına qəbul olmuş bütün məzunları bir daha səmimi qəlbdən təbrik etmişdir.
Tədbirdə rayon təhsil şöbəsinin müdiri Zakir İbrahimov, əhalinin sosial müdafiə mərkəzinin direktoru Həsən Ələkbərov, tələbə adını qazanmış Əsmər Vüqar qızı Səfərova, Ramil Lətif oğlu Almuradov, valideynlər Məmmədxan Məhərrəmov, Qızılgül İsmayılova, 4 məzunu yüksək bal toplayaraq ali məktəbə qəbul olunmuş 7 nömrəli tam orta məktəbin direktoru Valeh Quliyev çıxış etmişlər.
Sonra rayon rəhbəri müəllimlərinin, valideynlərin etimadını doğruldan, rayonumuzun şərəfini uca tutan məzunlara-Səfərova Əsmər Vüqar qızına, Bayramlı Salman Kamal oğluna, Tanrıverdiyev Salman Məsim oğluna, Həsənov Anar Həsən oğluna, Məhərrəmov Babək Məmmədxan oğluna, Poladzadə Nüşabə Taleh qızına, Məmmədova Ləman Yavər qızına, Almuradov Ramil Lətif oğluna, İsmayılova Aliyə Hicran qızına, Allahverdiyev İkram İlham oğluna, Novruzlu Ləman Rafiq qızına, Hacıyeva Aygün Sahib qızına, Kərimli Emin Kərim oğluna, Abbaszadə Cavid Arzuman oğluna, Əlizadə Nahidə Asif qızına, Pənahova Günel Sadəddin qızına, Oruczadə Nənəxanım Nazim qızına, Nəbiyeva Aytac Ruslan qızına bir daha xoş arzularını bildirmiş, təzə-tər güllər, təbrik açıqcaları təqdim etməklə, onları maliyyə vəsaiti ilə mükafatlandırmışdır.
Xoşməramlı görüşə yekun vuran rayon icra hakimiyyətinin başçısı cənab R.Həsənov bir neçə gündən sonra ali məktəblərin auditoriyasında elmi biliklərə yiyələnəcək gənclərə uğurlar arzulamış və tövsiyyələrini bildirmişdir.
Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirmişlər.