Müəllimlərin sentyabr müşavirəsi
Hər tədris ilinin başanğıcında olduğu kimi, növbəti “Bilik günü” ərəfəsində də rayon müəllimlərinin konfransı keçirilmişdir.
Əzəmətli Azərbaycan himninin səsləndirilməsi ilə başlanan konfransda rayon təhsil şöbəsinin müdiri Zakir İbrahimov “2012-2013-cü dərs ilinin yekunları və qarşıda duran vəzifələr” haqqında məruzə etmişdir.
Məruzədən aydın olmuşdur ki, ötən tədris ili əsasən müvəffəq göstəricilərlə yola salınmışdır. IX sinifləri bitirən 386 şagirddən 18 nəfəri fərqlənmə şəhadətnaməsi almış, orta məktəblərdə təhsilini başa vuran 293 şagirdə və əvvəlki illərdən qalan 30 nəfərə attestat verilmiş, ali məktəblərə qəbul imtahanlarında iştirak edən 218 nəfərdən 136 nəfəri tələbə adını qazanmışdır. Bu, göstərici ötən ildə olduğundan 2,3 faiz çoxdur. 14 məzun 500-700 arası bal toplamışdır. Rayondakı 13 nömrəli məktəbin məzunu Allahverdiyev İkram İlham oğlu qəbul imtahanında 675 bal toplayaraq ən yüksək nəticələrə nail olmuşdur.
Məruzəçi digər müsbət, eləcə də bir sıra mənfi göstəriciləri də ətraflı təhlil edərək, ötən tədris ilinin yekunları barədə konfrans iştirakçılarında aydın təsəvvür yaratmış və yeni dərs ilində rayonumuzun təhsil müəssisələrini gözləyən təxirəsalınmaz vəzifələrdən danışmışdır.
Məruzə ətrafında 36 nömrəli tam orta məktəbin direktoru Ənvər Məmmədov, rayon ağsaqqalar şurasının sədri Xuduş İsgəndərov, 23 nömrəli tam orta məktəbin direktoru Ramiz Qulamov və respublika Təhsil nazirliyinin nümayəndəsi Ənvər Abbasov çıxış etmişlər.
Konfransın işinə rayon İcra hakimiyyətinin başçısı cənab Ramiz Həsənov yekun vurmuş, rayonun pedoqoji kollektivlərinə öz işlərini təhsilli millətin gələcəyi adlandıran ümummilli lider Heydər Əliyevin tövsiyələrinə, ölkə başçısı möhtərəm İlham Əliyev cənablarının tələblərinə uyğun olaraq işlərini ən yüksək səviyyəyə qaldırmaq istiqamətində tapşırıqlar vermişdir.