31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür
Zəngilan Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Masazır qəsəbəsində salınmış köçkün şəhərciyində fəaliyyət göstərən Mədəniyyət evində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyəti başçısı, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı Aparatının məsul əməkdaşları, rayon, kənd, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, müəssisə və idarə rəhbərləri iştirak etdi.
Tədbir soyqırım qurbanlarının və Vətən müharibəsi şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlandı.
Daha sonra Zəngilan rayon 23 nömrəli məktəbin tarix müəllimi Fuad Hüseynov çıxış edərək azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasətinin ağır nəticələrindən danışdı. Bildirdi ki, 1918-ci il 31 Mart soyqırımı öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirdilər. 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar.Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.
Sonda tədbir iştirakçılarına soyqırım tarixi ilə bağlı “Tarixin izi” adlı video çarx nümayiş olundu.