Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirildi
Xalqımızın hər il təntənəli və ruh yüksəkliyi ilə qeyd etdiyi əziz bayramlardan biri olan Novruz bayramını daha qalib xalq olaraq qeyd edirik. Respublikanın bütün rayonlarında olduğu kimi Zəngilan rayonunun bütün idarə, müəssisə və təşkilatlarında Novruz bayramı silsilə tədbirlərlə qeyd olundu.
Bayram tədbirləri 19 mart 2022-ci il tarixdə Zəngilan rayon İcra hakimiyyətinin təşəbbüsü ilə Masazır qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınmış yaşayış massivində keçirilən ümumrayon bayram şənliyi ilə davam etdirildi. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı, RİH əməkdaşları, rayon üzrə fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəsisə, təşkilat rəhbərləri, icra nümayəndəliklərinin əməkdaşları, rayon ictimaiyyəti iştirak etdi.
Bayram tədbirində rayonun idmançıları müxtəlif idman nümunələri ilə öz məharətlərini sərgilədi, Novruzun əsas personajları olan Kosa və Keçəlin məzhəkəli oyunları, kəndirbazların göstərdikləri səhnəciklər tamaşaçılarda xoş ovqat yaratdı. Bayram şənliyi incəsənət ustalarının təqdim etdikləri bayram konserti ilə davam etdi.
Sonda ənənəvi bayram tonqalı yandırıldı.