15 İYUN MİLLİ QURTULUŞ GÜNÜDÜR MÜDRİKLİK VƏ QƏTİYYƏTİN TƏNTƏNƏSİ
Masazır qəsəbəsində, məcburi köçkünlər üçün salınmış yeni yaşayış massivinin klubunda 15 iyun Milli Qurtuluş Günü münasibətilə bayram tədbiri keçirilmişdir.
İdarə-müəssisələrin, inzibati orqanların, pedaqoji kollektivlərin, ictimaiyyəti təmsil edən nümayəndələrin iştirakı ilə təşkil olunan yığıncağı açan rayon icra hakimiyyətinin başçısı cənab Ramiz Həsənov dövlətimizin, xalqımızın həyatında unudulmaz tarixi günə çevrilən 15 iyun Milli Qurtuluş Günü haqqında geniş nitq söyləmişdir.
Rayon rəhbəri Azərbaycanın müstəqilliyə qovuşduğu ilk illərdə mühüm vəzifələrə təsadüfü, təcrübəsiz kadrların irəli çəkilməsi üzündən ölkədə yaranmış acınacaqlı vəziyyəti ətraflı təhlil etmiş, bunun ağır nəticələrindən xalqımızın başına gələn çoxsaylı müsibətləri konkret faktlarla diqqətə çatdırmışdır.
Ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci hakimiyyətə gəlişinin taleyin xalqımıza böyük töhfəsi olduğunu vurğulayaraq göstərmişdir ki, məhz bu dahi şəxsiyyətin uzaqgörənliyi, zərgər dəqiqliyi ilə həyata keçirdiyi daxili və xarici siyasət sayəsində Azərbaycan bütün fəlakət və sınaqlardan çıxaraq öz dövlət müstəqilliyi yolunda inamlı addımlarla irəliləməyə başlamışdır.
Heydər Əliyev məktəbinin və siyasətinin qətiyyətli, dönməz davamçısı müdrik prezidentimiz İlham Əliyevin son on ildə Azərbaycanın inkişaf naminə həyata keçirdiyi misilsiz quruculuq işlərindən iftixarla danışan cənab R.Həsənov məhz İ.Əliyevin rəhbərliyi sayəsində dövlətimizi və xalqımızı qarşıda daha böyük nailiyyətlər gözlədiyini bildirmişdir.
Tədbirə toplaşanları və onların şəxsində bütün rayon ictimaiyyətini əlamətdar gün münasibətilə bir daha təbrik edən cənab başçı əminliklə söyləmişdir ki, biz zəngilanlılar, həmişəki kimi, bundan sonra da prezidentin ətrafında sıx birləşməklə onun həyata keçirdiyi müdrik siyasətin təntənəsinə layiqli töhfəmizi verəcəyik.
Sonda 15 iyun Milli Qurtuluş Gününə, bu qurtuluşun bayraqdarı ümummilli lider Heydər Əliyev və onun siyasətinin layiqli davamçısı İlham Əliyevin dövlət, xalq qarşısındakı xidmətlərinə həsr olunan «Əbədiyyət yolu» sənədli filmi nümayiş etdirilmişdir.